AZ

Rusiya ilə həm normal əlaqələrimizi saxlamağa çalışmalıyıq, həm də ehtiyatı əldən verməməliyik

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və Ermənistan gübrə daşımalarının Azərbaycan ərazisindən tranzitlə keçirilməsi imkanlarını müzakirə edirlər, deyə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Overçuk həmçinin Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana ilk göndərilməsini "mühüm hadisə" adlandırıb. "Mühüm bir hadisə baş verdi, biz bunu həqiqətən əhəmiyyətli hesab edirik. Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstandan Ermənistana keçdi. Yəni, 30 ildən çox müddətdə ilk dəfə və Ermənistan və Azərbaycanın müstəqil mövcudluğundan bəri ilk dəfə olaraq taxıl daşıyan ilk qatar keçdi... Sonra Qazaxıstan taxılı keçdi. Biz həmçinin bu xəttin digər növ yüklərlə - gübrələrlə yüklənməsi imkanlarını müzakirə edirik", - deyə Overçuk vurğulayıb. Onun sözlərinə görə, Moskva və İrəvan həmçinin Ermənistandan idxal etməklə ikitərəfli tədarükü genişləndirməyi də müzakirə edirlər: "Məsələ Ermənistandan Rusiyaya Azərbaycan üzərindən tərs göndərişlərin təmin edilməsi ilə bağlıdır. Bunların hamısı son vaxtlar mümkün olmayan hadisələr kimi görünürdü."

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər o qədər yaxşı deyil: “Bu, bir il bundan əvvəl baş verən təyyarə qəzası ilə bağlıdır. Təəssüflər olsun ki, Rusiya indiyə qədər götürdükləri öhdəlikləri yerinə yetirməyib. Rusiya prezidenti bir-iki dəfə üzrxahlıq etsə də, faktiki bu cinayəti törədən cinayətkarlar da cəzalanmayıb. Baxmayaraq ki, əmri verən də, bu işin təşkilatçısı da, icraçısı da bəllidir”.

Elşad Musayev

Deputatın fikrincə, Azərbaycan Rusiya ilə münasibətlərini müəyyən qədər qoruyur, iqtisadi əlaqələr hələlik yerindədir və Azərbaycan bölgədəki iqtisadi əlaqələrin güclənməsində maraqlıdır.

Elşad Musayev hesab edir ki, Ermənistana müəyyən yüklərin daşınması məsələsində Azərbaycan əsas rola sahibdir, ancaq Rusiya istəmir ki, Ermənistanla Azərbaycan arasında əlaqələr yaxşılaşsın.

“Azərbaycanın siyasi rəhbərliyinin qəbul etdiyi doğru qərar nəticəsində bu bölgədə sabitlik yaratmaq üçün addımlar atılır. Azərbaycan Gürcüstan üzərindən Ermənistana yüklər daşınır və Rusiya da bu reallıqla barışmaq məcburiyyətindədir.

Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında, eyni zamanda Rusiya-İran arasında Şimal-Cənub dəhlizi deyilən bir yolun reallaşması nəzərdə tutulur. Burada əsasən, işi ləngidən İran tərəfidir.

Biz bu regionda ölkələrin bərabərhüquqlu əməkdaşlığında maraqlıyıq. Digər ölkələrlə də biz düşmənçilik etmək niyyətində deyilik. Əgər bu ölkələrdən hərhansı bir kobud hərəkət olacaqsa, təbii ki, biz dövlət olaraq ona reaksiya bildirəcəyik”-deyən deputat qeyd edib ki, Azərbaycan artıq əvvəlki illərdən fərqli olaraq iqtisadi, siyasi, hərbi baxımdan güclənib.

“Azərbaycanın qardaş Türkiyə kimi güclü müttəfiqi var, Pakistan və digər ölkələrlə normal münasibətləri var. Bu reallığı Rusiya həzm edə bilmir. Rusiya köhnə siyasətindən əl çəkməyib. Hələ də imperiya missiyaları, hələ də işğalçılıq siyasəti, hələ də ətraf ölkələri öz təsirində saxlamaq cəhdləri göstərir. Rusiya ilə həm normal əlaqələrimizi saxlamağa çalışmalıyıq, həm də ehtiyatı əldən verməməliyik”-deyə Elşad Musayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
bizimyol.info

1Mənbələr