AZ

Açıq suallar mütləq qapadılmalıdır

Prezident İlham Əliyevin təyyarə faciəsi ilə bağlı sosial media hesablarında etdiyi paylaşım təkcə Anım mənasını ifadə etmir. Bu paylaşım bütün maraqlı tərəflərə, ilk növbədə, faciənin baiskarına növbəti dəfə xatırladır ki, heç kim və heç nə unudulmayıb. Rusiya Prezidentinin Düşənbədə verdiyi vədlərin yerinə yetirilməsi və açıq qalan məsələlərin tam şəkildə qapadılması faciənin ictimai-mənəvi ağırlığına adekvat münasibət kimi qəbul oluna bilər.

Bugünədək açıq qalan məsələlərin siyahısı, təəssüf ki, yalnız təyyarə faciəsi ilə bitmir. Prezident İlham Əliyev dekabrın 24-də Ağdamın 2-ci yaşayış kompleksinin açılış mərasimində onlardan bir neçəsinin üzərində xüsusi  dayanaraq bu mesajı verdi: “Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır”.

Prezident çıxışında onu da xatırlatdı ki, artıq ləğv olunmuş Minsk qrupunun 28 il ərzindəki fəaliyyətinin yeganə hədəfi Ermənistanın işğalını rəsmiləşdirmək və Azərbaycanı məğlubiyyətlə barışdırmaq idi. Əgər belə olmasaydı, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi 27 il kağız üzərində qalmaz, kiçik Ermənistana qarşı bircə dəfə sanksiya tətbiq edilərdi. Bunu etmək əvəzinə, keçmiş vasitəçilərdən biri işğalçıya əvəzsiz olaraq, dəyəri milyardlarla ölçülən silah-sursat göndərir, ikincisi maliyyə dəstəyi verir, üçüncüsü isə siyasi legitimliyini təmin edirdi. Özü də bunu edənlər sıradan  aktorlar deyil, dünyanın ən böyük gücləri idi. Bu gün geosiyasi məkanda baş verənlər bir daha sübut edir ki, beynəlxalq hüququn əksər hallarda ayaqlar altında qalması və təhlükəsiz dünya nizamının pozulması, ilk növbədə, bu cür ikiüzlü yanaşmanın və siyasi riyakarlığın nəticəsidir.

İşğal dövründə onun da şahidi olduq ki, separatçılıq təhlükəsi ilə üzləşən digər xalqların hüquqları cəmi bir neçə gün ərzində bərpa edildiyi halda, Azərbaycana gəldikdə bu, baş vermədi. Prezident İlham Əliyevin verdiyi mesajlardan biri də haqsızlıqla üzləşən xalqlara münasibətdə utancverici ayrı-seçkilik siyasəti ilə bağlı oldu: “Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur”.

Bu, olduqca cəsarətli bəyanatdır və o, təkcə beynəlxalq hüquqa münasibətdə ayrı-seçkiliyə yol verildiyini təsbit etmir. Bəyanat həm də dünyada siyasi əxlaq dəyərlərinin aşılanmasına ictimai şəkildə ifadə olunan kəskin etirazdır. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, sözsüz ki, bu dəfə də kimlərisə xeyli narahat edəcək. Lakin beynəlxalq, xüsusilə ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət və etimadın davamlı olması üçün açıq qalan suallar mütləq qapadılmalı, həqiqətlər deyilməlidir. Çünki tarix də göstərir ki, cəsarətli lideri olmayan heç bir xalq nə separatçılığa qalib gələ, nə də milli maraqlarını qoruya bilir.

Həqiqətləri təhrif etmək və ya tarixi ümumiyyətlə saxtalaşdırmaq istəyənlər bütün dövrlərdə mövcud olub. Hətta bəziləri uzun onilliklər ərzində işğalçı Ermənistan kimi ölkələrə saxta tarix yazmağa və ondan “məzlum” obrazı da yarada biliblər. Erməni cəmiyyətinin ən böyük faciələrindən biri də özlərini bu cür saxta tarixə, uydurma miflərə inandırmaları ilə bağlı idi. Azərbaycan tarixi Zəfəri ilə yalnız ədaləti bərpa etmədi, həm də xəstə erməni təxəyyülünü iflasa uğratdı və işğalçı düşüncəsinin “tarixi” Ermənistandan “real” Ermənistana transformasiyasına təkan verdi. Eyni zamanda, həm özümüz, həm də bədxahlarımız üçün həqiqətləri üzə çıxardı. Prezident İlham Əliyev Ağdamda həmin həqiqətlərdən birini açıq mətnlə belə ifadə etdi: “Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi. Bizim yanımızda olan tək ölkə Türkiyə idi… Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin  fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq”.

Ülvi Quliyev
Milli Məclisin deputatı  

Seçilən
35
6
veteninfo.az

7Mənbələr