AZ

Diplomatik uğurlar, nailiyyətlər ili

Yazını böyüt
Yazını kiçilt

Ümumilikdə, 2025-ci il Azərbaycan üçün siyasi möhkəmlənmə, diplomatik fəallıq və strateji mövqelərin təsdiqi ili kimi dəyərləndirilə bilər. Bu il formalaşan siyasi xətt növbəti mərhələdə həm daxili sabitliyin, həm də beynəlxalq nüfuzun daha da gücləndirilməsi üçün əsas baza rolunu oynayır.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 2025-ci il dövlətimiz və xalqımız üçün ölkədaxili inkişaf və beynəlxalq mövqelərin möhkəmlənməsi baxımından çox əhəmiyyətli il olub.

Deputat, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin təməlində insan amilinin dayandığını, ölkədə xalq–dövlət birliyinin daha da möhkəmləndiyini vurğulayıb.

Onun fikrincə, vətəndaşların ictimai proseslərdə yaxından iştirak etməsinin genişlənməsi ölkə daxilində ictimai-siyasi sabitliyin möhkəmlənməsinə və inamın yüksəlməsinə töhfə vermiş oldu:

“2025-ci ilin “Konstistitusiya və Suverenlik İli”  elan olunması çərçivəsində keçirilmiş çoxsaylı tədbirlərdə keçdiyimiz yola bir daha diqqət yetirdik və gələcəyimizin daha uğurlu olması üçün əsas konturlar müəyyənləşdirildi. 2025-ci il, həm də 8 avqustda Vaşinqtonda imzalanan sazişlərlə yeni bir dövrə keçid etməyimizi daha da inamlı etdi. Bu yeni dövr regionumuzda sülh və əməkdaşlığın möhkəmlənməsinin təməllərini yaratdı. 2025-ci il, həm də Azərbaycan–ABŞ münasibətlərində yeni bir səhifənin açıldığı və  Mərkəzi Asiya ölkələrinin Zirvə görüşləri platformasına üzv seçilməsi ili kimi də yadda qaldı. Ümumilikdə, ilin siyasi yekunları göstərir ki, Azərbaycan həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından inkişaf edən, strateji hədəflərinə doğru inamla irəliləyən bir dövlətdir”.

Politoloq Natiq Miri hesab edir ki, 2025-ci ildə əhəmiyyətli sayılacaq siyasi məsələlərin önündə 8 avqust Vaşinqton görüşü və razılaşmaları dayanır.

“Həmin gün Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi sənədi paraflandı. O cümlədən kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret razılıq əldə olundu. Bu, çox əhəmiyyətli hadisədir, çünki gələcəkdə regionun – Cənubi Qafqazın simasının tamamilə dəyişməsi, qüvvələr balansının yenilənməsi üçün imkanlar yaratdı. Bunun təsirləri, artıq regionda hiss olunmağa başlayıb”, – politoloq deyib.

N.Miri digər əhəmiyətli hadisə kimi, 8 noyabrda Bakı şəhərində keçirilən hərbi paradı qeyd edib:

“Burada mühüm amil üç qardaş ölkə olan – Azərbaycan, Türkiyə, Pakistanın dövlət rəhbərlərinin iştirakı idi. Bu, həm regional, həm də qlobal səviyyədə hər kəsə verilən birlik və güc nümayişi, mesajı idi. Bu, bəlkə də tarixdə baş verəcək çox nadir hadisələrdən biri kimi dəyərləndirilməlidir. Birlikdən güc doğar və bu gücü üç dost ölkə dünyaya nümayiş etdirirlər. Digər ən önəmli hadisələrdən biri – Azərbaycan dövlətinin özünə hörmət etdirə bilmə imkanını göstərməsi idi. Bu, Düşənbədə Azərbaycanla Rusiya prezidentləri arasında görüşdə özünü göstərdi. Azərbaycan özünün siyasi iradəsini, haqlı tələblərini qlobal güclərdən birinə qəbul etdirə bildi. Burada söhbət Azərbaycanın öz haqqını qoruya bilməsindən gedir.

Ən nəhayət, sülh prosesi kontekstində Azərbaycanın Ermənistanı 30 il blokadada saxladığı tranzit yolunu açması idi. Azərbaycan Prezidenti bunu Qazaxıstanda bəyan etdi və o cümlədən Rusiya vasitəsilə Ermənistana qatarlarla taxıl daşındı.  Azərbaycan “Aİ-95” markalı neft məhsulu - benzinin ilk satışını dəmir yolu ilə icra etdi. Bu, qarşılıqlı etimadı gücləndirməklə bərabər, Azərbaycanın  8 avqustda imzaladığı sənədə nə qədər sadiq qaldığını, sülhə töhfə verdiyini praktiki olaraq göstərdi. Azərbaycan dünyaya bir çox ilkləri ilə çıxıb. Bu ilklərdən biri də diplomatik münasibətlər qurulmadan Ermənistana tranzit yollarını açıb, neft məhsulları satmasıdır”.

Deputat Arzuxan Əlizadə bildirib ki, 2025-ci il Azərbaycanın çoxvektorlu xarici siyasətinin davam etməsi kimi yadda qaldı.

O bildirib ki, Azərbaycan istər region ölkələri, istər regiondankənar ölkələrlə – ABŞ, Böyük Britaniya, Çinlə münasibətlərini  üst səviyyədə inkişaf etdirib:

“2025-ci ildə Prezident İlham Əliyevin yürütdüyü çoxvektorlu xarici siyasət sayəsində  Azərbaycanın nüfuzunun qlobal miqyasda bir qədər də artmasına şahidlik etmişik. Eləcə də Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərlə münasibətlərimizin bir qədər də yaxşılaşması, institusional səviyyədə qurulması, inkişaf etməsi, Azərbaycanın “5+1” formatına əlavə olunması, kommunikasiya qovşaqlarının genişlənməsində mühüm rol oynaması, istər Şimal-Cənub, istər Şərq-Qərb, istər sə Orta Dəhliz layihələrində yükgötürmə qabiliyyətinin artırılması baxımından Azərbaycanın rolunun artması xüsusilə diqqətçəkən məsələlərdir. Eləcə də işğaldan azad olunmuş Qarabağın, Şərqi Zəngəzurun bərpası, Qayıdış proqramı ilə bağlı görülən işlər uğurla davam edir. Bütün bunlar Azərbaycanın inkişafından xəbər verən amillərdir.

İl ərzində Rusiya, eləcə də Cənub qonşumuzla münasibətlərin yaxşılaşması istiqamətində addımlar atmışıq. Təəssüf ki, Şimal qonşumuz “AZAL”a məxsus təyyarənin vurulması ilə bağlı qəti addımlar atmayıb. Rusiya Prezidenti Düşənbədə məsələlərin öz həllini tapacağını söyləsə də, hələ ki, konkret nəticə yoxdur. Bununla belə düşünürəm ki, bunu da müsbət hadisə kimi dəyərləndirmək olar. Rusiya prezidentinin Azərbaycan Prezidenti cənab İlham Əliyev qarşısında hesabatxarakterli çıxışı, əslində, Azərbaycanın regional nüfuzunun artmasından, əhəmiyyətli dövlət olaraq gündəmdə olmasından xəbər verir”.

Siyasi ekspert Azər Hüseynov hesab edir ki, 2025-ci il Azərbaycanın xarici siyasəti baxımından daha çox konsolidasiya, nəticələrin möhkəmləndirilməsi və strateji mövqelərin gücləndirilməsi ili kimi xarakterizə oluna bilər.

Ekspert hesab edir ki, bu dövrdə Bakı, artıq yalnız təşəbbüs irəli sürən deyil, həm də formalaşdırdığı regional və beynəlxalq reallıqları idarə etməyi bacaran aktor kimi çıxış etdi:

“İlk növbədə, postmünaqişə dövründə Azərbaycan–Ermənistan münasibətləri kontekstində əldə olunan irəliləyişlər xarici siyasətin əsas uğur istiqamətlərindən biri oldu. Azərbaycan 2025-ci ildə sülh gündəliyini öz şərtləri və hüquqi çərçivəsi daxilində irəli apararaq, regional sabitliyin əsas təşəbbüskarı rolunu qorudu. Rəsmi Bakı bu prosesdə beynəlxalq vasitəçilərin rolunu minimuma endirərək, birbaşa dialoqa üstünlük verdi, bununla da Cənubi Qafqazda yeni siyasi davranış modelinin formalaşmasına töhfə verdi. Bu yanaşma Azərbaycanın öz suverenliyini və qərarvermə müstəqilliyini açıq şəkildə nümayiş etdirdi.

2025-ci ildə Azərbaycanın xarici siyasətində diqqətçəkən digər mühüm məqam beynəlxalq təşkilatlar çərçivəsində mövqelərinin güclənməsi oldu. BMT strukturlarında, xüsusilə iqtisadi və sosial platformalarda fəallığın artması Azərbaycanın yalnız regional deyil, qlobal problemlərə dair mövqeyinin nəzərə alındığını göstərdi. Bakı iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, inkişaf etməkdə olan ölkələrin problemləri kimi mövzularda daha açıq və təşəbbüskar mövqe sərgilədi ki, bu da ölkənin diplomatik çəkisini artırdı.

Qərb ölkələri ilə münasibətlərdə isə Azərbaycan 2025-ci ildə balanslı xətti qorumağa nail oldu. ABŞ və Avropa İttifaqı ilə dialoq enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik kontekstində davam etdirildi. Xüsusilə Avropanın enerji şaxələndirilməsi siyasətində Azərbaycanın rolu əvvəlki illərlə müqayisədə daha real və funksional xarakter aldı. Bu, Bakının yalnız xammal tədarükçüsü deyil, strateji tərəfdaş kimi qəbul olunmasına zəmin yaratdı.

Eyni zamanda, Azərbaycan Türk dünyası ilə əlaqələrini 2025-ci ildə də ardıcıl şəkildə dərinləşdirdi. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi koordinasiya, iqtisadi inteqrasiya və nəqliyyat-logistika layihələri Azərbaycanın regional liderlik iddiasını daha da möhkəmləndirdi. Orta Dəhliz layihəsi bu kontekstdə yalnız iqtisadi deyil, geosiyasi alətə çevrildi və Azərbaycan bu xəttin əsas qovşaq ölkəsi kimi mövqeyini gücləndirdi.

Şərq istiqamətində – Çin, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə münasibətlərdə də praqmatik yanaşma davam etdirildi. Azərbaycan bu münasibətlərdə ideoloji ritorikadan uzaq, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli təqdim etdi. Bu isə ölkənin çoxşaxəli xarici siyasət kursunun real məzmunla doldurulduğunu göstərdi.

2025-ci ildə Azərbaycan xarici siyasətdə sensasiyalı addımlardan daha çox strateji davamlılıq və nəticəyönümlü diplomatiya ilə fərqləndi. Bakı artıq beynəlxalq sistemdə mövqeyini sübut etməyə çalışan deyil, mövcud mövqeyini qoruyan və genişləndirən dövlət kimi çıxış etdi. Bu isə Azərbaycan xarici siyasətinin yetkinlik mərhələsinə keçdiyini və daha uzunmüddətli geosiyasi planlar üzərində qurulduğunu göstərir. Təbii ki, Vaşinqton razılaşması Azərbaycan xarici siyasətinin xüsusi uğurlarındandır”.

“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov 2025-ci ilin Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi baxımından mühüm hadisələrlə yadda qaldığını qeyd edib.

O, hesab edir ki, 2025-ci ilin Azərbaycan üçün mənəvi tərəfləri xüsusilə yüksəkdir:

“Bu ilin siyasi yekunlarına qiymət verərkən ilk öncə 44 günlük savaşda qazanılan Zəfərimizin 5 illiyini qeyd etmək lazımdır. 2025-ci ili “Konstitusiya və Müstəqillik İli” kimi qeyd etdik. Bu çərçivədə müxtəlif forumlar, tədbirlər keçirildi, mühüm müzakirələr aparıldı. Beynəlxalq statusda, xüsusilə xarici siyasətdə beynəlxalq əməkdaşlıqları gücləndirmişik, qonşu ölkələrlə strateji dialoqlar aparılıb, əməkdaşlıq təşəbbüsləri ilə bağlı mühüm addımlar atılıb. Mərkəzi Asiya ölkələri ilə qurulan əlaqələri, xüsusilə qeyd etmək lazımdır. 

Sosial müstəvidə də müəyyən islahatlara şahid olduq. Sosial sahədə problemlər qalsa da, dövlət büdcəsindən bu sahəyə böyük vəsaitin ayrılması rekord göstəricidir. Bu investisiyalar, infrastruktur, bərpa layihələrinə yeni imkanlar yaradır. Qarabağda bərpa işləri gedir və bu dövlətin strateji hədəfləri üçün mühüm sahədir. Ümumən, bu il bizim üçün uğurlu il oldu.

Dünya yeni dizaynın həyata keçirilməsi prosesi bu il də davam etdi və Azərbaycan da bu prosesdə iştirak etdi. Yəqin ki, proses 2026-cı ildə də davam edəcək. Ola bilər ki, problemlərin həlli istiqamətində atılan addımlara görə 2026-cı il ağır keçsin. 2027-ci ilə tamamilə fərqli siyasi yeniliklərlə qədəm qoyacağıq. Gələn il Azərbaycan–Ermənistan arasında sülhün bağlanması, Zəngəzur dəhlizinin açılması yeni situasiyanın yaranması, dayanıqlı inkişafın təmin olunmasına təkan verən amillər olacaq”.

Politoloq Rəşad Bayramov bildirib ki, 2025-ci il Azərbaycanda siyasi baxımdan yekunlaşmaqda olan bir mərhələnin ümumiləşdirilməsi, eyni zamanda, yeni dövrün konturlarının cızılması ilə xarakterizə olunur.

Politoloq qeyd edib ki, il ərzində baş verən hadisələr göstərdi ki, ölkənin daxili siyasi gündəmi ilə xarici siyasət prioritetləri arasında qarşılıqlı əlaqə daha da güclənib və bu, dövlətin strateji xəttinin əsas mahiyyətini təşkil edib:

“2025-ci ilin ən mühüm siyasi hadisəsi, şübhəsiz ki, 8 avqust 2025-ci ildə ABŞ-də paraflanmış sülh sənədi və əldə olunan üçtərəfli razılaşmalar, başqa sözlə desək, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar və sülh prosesinin konkret siyasi çərçivəyə salınması oldu. Uzun illər davam etmiş münaqişənin postmüharibə mərhələsində diplomatik müstəviyə daşınması Azərbaycanın regional liderlik ambisiyalarını gücləndirdi. Bu proses yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə, Cənubi Qafqazda təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi kontekstində mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu mərhələdə təşəbbüskar tərəf kimi çıxış edərək, regional gündəmin formalaşmasında aparıcı rolunu nümayiş etdirdi”.

R.Bayramov bildirib ki, 2025-ci il Azərbaycanın çoxvektorlu xarici siyasətinin yeni keyfiyyət mərhələsinə keçdiyi il kimi də xarakterizə olunur:

“Xüsusilə “5+1” formatında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin institusional səvivəyə salınması diqqət çəkir. Bu format çərçivəsində qəbul edilən qərarlar Azərbaycanın yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda Xəzər hövzəsi və Mərkəzi Asiya arasında strateji körpü rolunu gücləndirdiyini göstərdi. Azərbaycanın bu yeni formatda təmsilçiliyinin rəsmiləşdirilməsi regional siyasətdə çəkisinin artdığını və onun etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqlədi.

Enerji diplomatiyası, xüsusilə Avropa istiqamətində qaz təchizatının davamlılığı və yaşıl enerji layihələrinin gündəmə gətirilməsi ölkənin strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və müxtəlif beynəlxalq forumlara ev sahibliyi Azərbaycanın regional və qlobal dialoq platforması rolunu gücləndirdi.

Daxili siyasi gündəmdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ideoloji və siyasi baxımdan simvolik məna daşıdı. Bu addım dövlətçilik dəyərlərinin, hüquqi əsasların və suveren idarəçilik anlayışının cəmiyyətə daha sistemli şəkildə təqdim olunmasına xidmət etdi. İl ərzində keçirilən tədbirlər, konfranslar və ictimai müzakirələr hakimiyyətin siyasi legitimliyi hüquqi-siyasi çərçivədə möhkəmləndirmək niyyətini göstərdi. Bununla yanaşı, humanist addımlar, sosialyönümlü qərarlar və ictimai mesajlar hakimiyyət–cəmiyyət münasibətlərində balansın qorunmasına hesablanmışdı.

Dövlət və xalqın həyatına təsiri baxımından, 2025-ci il nisbi sabitlik və gözləntilər ili kimi qiymətləndirilə bilər. Regional sülh perspektivləri ictimai psixologiyada uzunmüddətli təhlükəsizlik hissini gücləndirərkən, beynəlxalq fəallıq ölkəyə yönəlik marağın artmasına səbəb oldu. Bununla belə, sülh prosesinin tam reallaşması, iqtisadi və siyasi islahatların dərinliyi kimi məsələlər hələ də diqqət mərkəzində qalır.

Ümumilikdə, 2025-ci il Azərbaycan üçün siyasi möhkəmlənmə, diplomatik fəallıq və strateji mövqelərin təsdiqi ili kimi dəyərləndirilə bilər. Bu il formalaşan siyasi xətt növbəti mərhələdə həm daxili sabitliyin, həm də beynəlxalq nüfuzun daha da gücləndirilməsi üçün əsas baza rolunu oynayır”.

Tahirə Qafarlı

Seçilən
13
hafta.az

1Mənbələr