Qlobal iqtisadi qeyri-müəyyənliklərin artdığı, enerji bazarlarında dalğalanmaların davam etdiyi bir dövrdə Azərbaycanın maliyyə dayanıqlılığı ilə bağlı göstəriciləri diqqət çəkir.
Rəsmi məlumatlara görə, bu ilin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 12,6 milyard ABŞ dolları və ya 17,7 faiz artaraq 83,6 milyard ABŞ dollarına çatıb. Bu rəqəm təkcə region üçün deyil, ümumilikdə inkişaf etməkdə olan ölkələr fonunda kifayət qədər yüksək göstərici sayılır. Xüsusilə də Azərbaycanın mövcud valyuta ehtiyatlarının xarici dövlət borcunu təxminən 17 dəfə üstələməsi ölkənin fiskal və monetar təhlükəsizlik yastığının nə qədər güclü olduğunu göstərir.
Bununla yanaşı, cəmiyyətdə haqlı olaraq belə bir sual yaranır: bu qədər böyük maliyyə ehtiyatları ölkə vətəndaşlarının gündəlik rifahına nə dərəcədə təsir göstərə bilər?
Yəni strateji valyuta ehtiyatlarının artması sosial siyasətdə yeni imkanlar yarada, dövlət büdcəsində maaş və pensiyaların artırılması üçün əlavə potensial formalaşdıra bilərmi, yoxsa bu vəsaitlər daha çox “toxunulmaz ehtiyat” kimi saxlanılmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycan höküməti də valyuta ehtiyatlarını çox məharətlə icra edir:
“Valyuta ehtiyatları dedikdə birmənalı olaraq Azərbaycan Respublikası Dövlət Fondu və Mərkəzi Bankın Dövlət Fondunun aktivləri və Mərkəzi Bankın valyuta ehtiyatları nəzərdə tutulur. Bunlar birlikdə təxminən 83-84 milyard ABŞ dolları olmalıdır. Dövlət Neft Fondunun ehtiyatlarından ildə təqribi 12-14 milyard dövlət büdcəsinə transferlər olunur. Çalışılır ki, ehtiyatın özündən yox, aktivlərdən əldə olunmuş gəlirlərdən istifadə olunsun. Azərbaycanda bu gün ehtiyatların istifadə olunması üçün zərurət yoxdur. Dövlət Neft Fondunun ehtiyatlarından dövlət büdcəsinə edilən transferlər ilbəil azaldılır. Digər mənbələrdən dövlət büdcəsinin yığımı təmin olunur”.
İqtisadçı qeyd edib ki, valyuta ehtiyatları birbaşa istifadə olunan vəsait deyil:
“Valyuta ehtiyatlarından istifadə dünya praktikasında birbaşa və ya dolayı yolla strateji məqsədlər üçün həyata keçirilir. Bu addım fövqəladə hallarda və ya qlobal iqtisadi böhran zamanı atılır. Azərbaycanda neftin qiyməti 50-60 dollar intervalından aşağı düşərsə və ya Azərbaycan manatının məzənnəsində hansısa təhlükə yaranarsa, Mərkəzi Bank “təhlükəsizlik yastığı”ndan istifadə edə bilər. Azərbaycan hökuməti bir sıra dövlətlərdən fərqli olaraq, heç pandemiya dövründə belə valyuta ehtiyatına toxunmadı. İkinci dəfə 2015-ci ildə baş verən kataklizmanın yaşanmasının qarşısı alındı”.
A.İbrahimov vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı çox həssasdır. Burada hər hansısa düzgün olmayan qərarlar ciddi böhrana gətirib çıxara bilər. Mütəxəssis nəzərə çatdırıb ki, vayluta ehtiyatlarından praktikada istifadə olunur:
“Belə ki, zərurət yaranarsa, 2-3 faizi hansısa sosial işlərə sərf oluna bilir. Bu da hansısa praktikaya əsaslanır. Məsələn, maaş və ya pensiyaların artırılması istqamətində addımın atılmasını deyə bilərik. Azərbaycanda bu gün buna zərurət yoxdur. Bu gün valyuta ehtiyatlarının xarici borcdan çox olması 2015-ci ildə olan risklərin bir hissəsi nəzarət altına alınıb. Məsələn, maaş və ya pensiyaların gecikməsi üçün bir əsas yoxdur. Yenidən xarici borc götürüləndə faizi aşağı olacaq, risk altında olmur, dövlət daha çox kredit əldə edə biləcək vəziyyətdədir. Bu da məsələnin müsbət tərəfləridir”.