Bakı, 25 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Qarabağa etdiyi hər bir səfər öz mahiyyəti və verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyır. Sonuncu səfər isə tamamilə fərqli rakursdan dəyərləndirilməlidir. Belə ki, Prezidentin çıxışında bunu əsaslandıran bir sıra mühüm məqamlar var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
“Dövlət başçısının Ağdamda səsləndirdiyi mesajlar həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq auditoriya üçün olduqca əhəmiyyətlidir. Bu mesajların mahiyyətində əsasən iki mühüm xətt açıq şəkildə hiss olunur. Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək tariximizi unutmamağı, daim güclü olmağı, ideoloji baxımdan möhkəm və mübariz mövqe sərgiləməyi tövsiyə edib. Bu çağırış milli yaddaşın və milli iradənin qorunmasına yönəlmiş strateji mesajdır. Dövlət başçısı eyni zamanda tarixi faktlara istinad edərək açıq şəkildə bildirdi ki, Azərbaycan mübarizəni yalnız Ermənistanla deyil, eyni zamanda münaqişəni uzatmağa çalışan məkirli qüvvələrlə aparıb. Obyektiv vasitəçi rolunu oynamalı olan beynəlxalq təsisatlar isə faktiki olaraq Ermənistanın mövqeyindən çıxış edib. Nəticədə prosesdə bir neçə tərəflər mövcud olub. Prezidentimiz çıxışında dünyada separatizmə münasibətdə tətbiq edilən ikili standartları da xüsusi vurğulayıb. Müxtəlif regionlarda yaradılan separatçı rejimlərə münasibət bir cür olduğu halda, Azərbaycana qarşı tamamilə fərqli yanaşma sərgilənib. Başqa ölkələrdə separatçı rejimlərin rəhbərlərinin sərbəst şəkildə səfər etməsinə imkan verilmədiyi halda, bu məsələdə Azərbaycana münasibətdə qəti addımlar atılmayıb. Dövlətimizin başçısı çıxışında Ermənistanın işğalçı siyasətini də xüsusi vurğulayıb. Kiçik bir dövlət olmasına baxmayaraq, Ermənistan uzun illər ərzində işğal və talançılıq siyasətini davam etdirib. Azərbaycanın şəhər və kəndləri dağıdılıb, maddi-mədəni irsi isə talan edilib”,-deyə politoloq deyib.
Politoloq qeyd edib ki, bugün Azərbaycanın yaratdığı reallıq təsadüf deyil. Bu, Azərbaycanın güclü liderinin qətiyyətli siyasətinin nəticəsidir: “Bu səfər və səsləndirilən fikirlər bir daha göstərdi ki, Qarabağ artıq yalnız coğrafi məkan deyil, milli iradənin, dövlət suverenliyinin və tarixi ədalətin təcəssümüdür. Prezident İlham Əliyevin Ağdamdan verdiyi mesajlar gələcəyin yol xəritəsidir. Bu yol xəritəsi güclü dövlət, güclü ordu və güclü xalq konsepsiyasına əsaslanır”.