AZ

Sonuncu imperiyanın süqut günü: azərbaycanlılar necə “ilin xalqı” oldu?

Bu gün keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) süqutunun rəmzi və tarixi günüdür. 20-ci əsrin ən nəhəng siyasi-iqtisadi layihələrindən biri hesab olunan bu imperiya məhz 1991-ci ilin 25 dekabrında tarix səhnəsindən silindi və dünya nizamında köklü dəyişikliklərin başlanğıcına çevrildi.

Belə ki, 1991-ci il 25 dekabrında Mixail Qorbaçov SSRİ-nin prezidenti vəzifəsindən rəsmi şəkildə istefa verdi. Bir gün sonra - 26 dekabrda SSRİ Ali Soveti tarixi qərar qəbul edərək 15 sovet respublikasının müstəqilliyini tanıdı və Sovet İttifaqının mövcudluğuna hüquqi baxımdan xitam verdi. Həmin gün Kremlin üzərindən oraq-çəkicli qırmızı bayraq endirildi və onun yerinə Rusiya Federasiyasının üçrəngli bayrağı qaldırıldı. Bu mənzərə bir dövrün qapanmasını, yeni, qeyri-müəyyən, lakin geri dönüşü olmayan bir mərhələnin başlanmasını simvolizə edirdi.

SSRİ-nin süqutu təsadüfi hadisə deyildi. Bu prosesin kökləri onilliklər əvvələ, xüsusilə də sovet sisteminin daxili ziddiyyətlərinə, iqtisadi səmərəsizliyinə, siyasi mərkəzləşmənin ifrat dərəcədə sərtləşməsinə gedib çıxırdı. 1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov artıq dərin böhran içində olan bir dövləti idarə etməyə başlamışdı. Sənaye istehsalında geriləmə, texnoloji geri qalma, kənd təsərrüfatında böhran, büdcə kəsiri, sosial narazılıqlar və milli respublikalarda artan mərkəzdənqaçma meyilləri SSRİ-ni daxildən sarsıdırdı.

Azərbaycanda
Qorbaçov bu durğunluğu aradan qaldırmaq məqsədilə genişmiqyaslı islahatlara start verdi. “Perestroyka” - yəni yenidənqurma və “qlasnost” - aşkarlıq siyasəti məhz bu kontekstdə meydana çıxdı. İqtisadi sahədə bazar elementlərinin tətbiqi, siyasi mühitdə nisbətən azad müzakirələrə imkan verilməsi, mətbuat üzərində nəzarətin yumşaldılması, söz və fikir azadlığının genişlənməsi ilk baxışdan müsbət addımlar kimi qiymətləndirilirdi.
Lakin zaman keçdikcə bu islahatların gözlənilən nəticəni vermədiyi, əksinə, mövcud sistemi daha da sarsıtdığı ortaya çıxdı. Bir çox tədqiqatçılar və siyasi şərhçilər hesab edirlər ki, yarımçıq və ziddiyyətli şəkildə aparılan perestroyka sovet iqtisadiyyatını iflasa sürüklədi, mərkəzi hakimiyyətin nüfuzunu zəiflətdi və milli respublikalarda müstəqillik meyillərini daha da gücləndirdi.

Digər tərəfdən, bəzi ekspertlər isə belə düşünürlər ki, SSRİ-nin sərt, dəyişməyə qapalı strukturu, ideoloji dogmalar üzərində qurulmuş idarəetmə modeli istənilən halda bu imperiyanın xilasına imkan vermirdi. Onların fikrincə, SSRİ gec-tez dağılmalı idi və Qorbaçovun islahatları sadəcə bu prosesi sürətləndirdi.

SSRİ-nin süqutu postsovet məkanında yerləşən xalqlar üçün həm yeni imkanlar, həm də ağır sınaqlar dövrünü başlatdı. Bir tərəfdən, dövlət müstəqilliyi, milli kimliyin bərpası və öz yolunu seçmək imkanı yarandı. Digər tərəfdən isə iqtisadi böhranlar, siyasi qeyri-sabitlik, münaqişələr və sosial çətinliklər uzun illər bu regionu müşayiət etdi.

Beləliklə, 25 dekabr 1991-ci il dünya tarixində imperiyaların belə, əgər zamanın çağırışlarına cavab verə bilmirsə, dağılmağa məhkum olduğunu xatırladan simvolik bir tarix kimi qalmaqdadır.

Təbii ki, “qırmızı imperiya”nın çöküşündə Azərbaycan xalqının iştirakı xüsusi vurğulanmalıdır. 1988-ci ildən başlanan xalq hərəkatı 1991-ci ildə sonuncu imperiyanın çöküşünə gətirib çıxardı. Məhz buna görə bizə 1989-cu ildə “ilin xalqı” adı verilmişdi…

Xalidə Gəray
Musavat.com

Seçilən
46
paytaxt.org

1Mənbələr