Sea Breeze

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Sumqayıt və Bakının digər məntəqələrində “Kənddən Şəhərə” Yeni il yarmarkaları keçiriləcək.

BAKU.NEWS xəbər verir ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan yarmarkalar, Sumqayıt şəhərində, eləcə də Bakının 7 fərqli ünvanında fəaliyyət göstərəcək. Belə ki, paytaxt sakinləri yarmarkaları Sumqayıt şəhəri ( 9-cu mikrorayon, Köhnə Şərq bazarının yaxınlığı), “Nəriman Nərimanov”, “Azadlıq prospekti”, “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının yaxınlığında ziyarət edə biləcəklər. Sözügedən yarmarkalar dekabrın 29-dək davam edəcək.

Bununla yanaşı, dekabrın 27-dən etibarən işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq “Kənddən Şəhərə” Yeni il yarmarkası Xankəndi şəhərində təşkil olunacaq. Xankəndi sakinlərinin xidmətinə təqdim edilən yarmarka dekabrın 29-dək fəaliyyət göstərəcək.

Təşkil edilən yarmarkaların əsas məqsədi fermerlərin satış imkanlarını genişləndirmək, regionlardan gətirilən yerli məhsulları daha geniş auditoriyaya çatdırmaq, eləcə də bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullara rahat çıxışını təmin etməkdir. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının genişləndirilməsinə xüsusi önəm verilir. Yarmarkalarda ölkənin 40-a yaxın regiondan iştirak edəcək 160-a yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 150-dən artıq məhsul çeşidini satışa çıxaracaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkasının ilk dəfə işğaldan azad edilmiş ərazilərdə keçirilməsi isə burada sosial-iqtisadi fəallığın artırılması, yerli sahibkarlığın və fermer fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə isə təşkil olunan yarmarkalarda fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX