AZ

Müəllimlər bunun üçün pul ödəyəcək – Məbləğ hələ məlum deyil

“Müəllimlərin işə qəbulu üzrə imtahanların ödənişli olması artıq keçən ildən müzakirə edilir. Bunu Elm və Təhsil Nazirliyinin rəsmiləri, eyni zamanda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri gündəmə gətiriblər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, hazırkı durumda qeydiyyatdan keçənlərin çoxu imtahanlarda iştirak etmir:

“Müşahidələrimiz ondan ibarətdir ki, hazırda imtahanlarda iştirak etmək istəyənlərin sayı hardasa 55-60 min civarındadır. Amma onların 8-9 mini imtahana gəlmir. Həmin müəllimlər qeydiyyatdan keçən zaman sistem tərəfindən avtomatik olaraq iştirakçı kimi qəbul edilir və onlar üçün imtahan binaları, kompüterlər və müəyyən avadanlıqlar təşkil olunur. Bunların da hər birinin müəyyən maliyyə xərcləri var. Nəticə etibarilə, həmin vətəndaşların imtahanda iştirak etməməsi vəsait itkisinə səbəb olur”.

Ekspertin fikrincə, bu qərardan sonra MİQ imtahanlarında kütləvilik azalacaq:

“Bu addımın məqsədi imtahanda həqiqətən iştirak etmək istəyən şəxslərin prosesə cəlb olunmasıdır. Belə olan halda imtahan elanını görən hər kəs qeydiyyatdan keçməyəcək. İndi iştirakçıların hər biri düşünəcək ki, bunun üçün müəyyən vəsait ödəməliyəm. Əgər vəsaiti də ödəyirəmsə, mütləq imtahana getməliyəm. Artıq qarşıdakı MİQ imtahanlarında kütləvilik azalacaq və həqiqətən də istəkli olanlar iştirak edəcək. Bu halda təxminən 40 min civarında iştirakçı sayı olacaq”.

Elçin Əfəndi ödənişlərin necə tənzimlənilməsi məsələsinə də aydınlıq gətirib:

“Ödəniş də elə formada təşkil olunacaq ki, hər kəs üçün sərfəli olsun. Çünki imtahanda iştirak edənlərin əksəriyyəti universiteti yeni bitirib, əmək fəaliyyətinə başlamaq istəyənlərdir. Ona görə də ödənişlər elə təyin edilməlidir ki, iştirak etmək istəyən hər kəs üçün əlverişli olsun. Qiymətləri mübaliğəli formada artırmaq, qazanc məqsədi güdmək olmaz”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlar ödənişli olacaq. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər layihəsində öz əksini tapıb.

Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Seçilən
30
3
veteninfo.az

4Mənbələr