Azərbaycanda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov həbs edilib. Onun Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olması diqqətləri bu cinayət işinə yönəldib.
Sual yaranır: bu proses qanunu pozan ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb edilməsi, yoxsa daha böyük bir siyasi mərhələnin başlanğıcıdır?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, istintaqın detalları hələ tam açıqlanmayıb və yayılan məlumatlar qeyri-dəqiqdir:
“Bu məsələ hələ yeni mövzudur. Hələlik çox şey məlum deyil. Hətta konkret olaraq kimin saxlanıldığı, kimin qaçıb gizləndiyi barədə də dolğun məlumat verilməyib. Şəxsən mən mediadan bu məlumatları ala bilmədim. Ümumi adlar mövcuddur, amma konkret olaraq kim həbs olunub, kim istintaqdan yayınıb, bilinmir.
Yayılan ifadələr də qeyri-dəqiqdir. Məsələn, yazılır ki, “faktiki rəhbəri”. Faktiki rəhbər nə deməkdir, hüquqi rəhbər nə deməkdir? Mediaya ötürülən məlumatlarda konkretlik olmadığı üçün cinayət işi ilə bağlı dəqiq bir şey demək mümkün deyil.
Qaçaqmalçılıq məsələsinə gəldikdə isə bilirsiniz ki, bu gün Azərbaycanda kifayət qədər tanınan qaçaqmalçılar mövcuddur və onlar fəaliyyətlərini istədikləri kimi davam etdirirlər. Bu, həm ərzaq məhsullarına, həm elektrotexnika və digər məhsullara aiddir”.
Partiya sədri məsələnin B.Əyyobova qarşı yönəldiyini deməyin hələ tez olduğunu söyləyib:
“Bu cinayət işinin kiminsə siyasi baxımdan “vurulması” və ya kiminsə fəaliyyətinin bitirilməsi məqsədli olub-olmaması hələ açıq qalır. Konkret olaraq Bəylər Əyyubovdan söhbət gedirsə, qeyd edim ki, o, uzun illər mühüm vəzifədə çalışıbş. Bir müddət əvvəl həmin vəzifədən uzaqlaşdırılıb, amma başqa bir post verilib. Əgər “vurulursa”, niyə hələ də vəzifədə qalır? Bu onu deməyə əsas verir ki, əslində Bəylər Əyyubov vurulmayıb.
Bu hadisə ilə bağlı medianı araşdırsanız görərsiniz ki, cəmi 2 gün əvvəl mətbuatda xəbər yayıldı ki, Bəylər Əyyubova xüsusi status verilib və bəzi imtiyazlar təqdim olunub. Səhv etmirəmsə, bu, Baş nazirin imzası ilə həyata keçirilib. Yəni bu məsələni ümumilikdə Bəylər Əyyubov timsalında bir siyasi qrupun vurulması kimi qiymətləndirmək mümkün deyil, fərdi olaraq isə hələ dəqiq məlumat yoxdur.
Hər kəsin qohumları var və hər qohumun atdığı addıma görə insanlar cavabdeh olmur. Bu məsələlər üçün indidən danışmaq hələ tezdir, bir az zamana ehtiyac var. Azərbaycanda baş verən son hadisələr konkret və birmənalı fikir bildirməyə imkan vermir.
Ad çəkməyəcəyəm, amma Azərbaycan siyasi tarixində böyük hay-küylə həbs olunub sonradan azadlığa buraxılan insanları görmüşük. Ona görə fikrimcə, zamana ehtiyac var ki, görək nə baş verir və vəziyyət necə olacaq. İndidən bu məsələləri dəyərləndirmək vaxtından əvvəl və yersiz olar. Sabah hadisələrin başqa formada cərəyan etməsi ilə uyğun gəlməz.
Mən prosesləri izləməyin, hadisələrin hara istiqamətlənəcəyini görməyin və tələsməməyin tərəfdarıyam. Hələlik tələsmək lazım deyil”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız