AZ

ABŞ Venesuela böhranı qlobal miqyasda neft təklifini artırsa, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərər

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ və Venesuela arasında siyasi böhran son günlərdə dərinləşməkdə davam edir. ABŞ-nin Karib dənizinə 15,000 əsgər və bir sıra aviadaşıyıcı gəmilər səfərbər etdiyi bildirilir. Pentaqon bunun Venesueladan ABŞ-yə fentanil və kokain qaçaqmalçılığının qarşısını almaq məqsədi güddüyünü deyir. ABŞ-nin Venesuelanı işğal edəcəyi və neft ehtiyatlarını ələ keçirəcəyi təqdirdə iqtisadçılar gələn il dünyada neftin qiymətinin düşəcəyini proqnozlaşdırırlar. Hazırda dünya bazarında neft markalarının 1 barelinin qiyməti 60 dollar civarında dəyişir. Azərbaycan neftinin 1 barelinin dekabrın 24-nə olan qiyməti isə 66.14 dollar təşkil edir. Maliyyə Nazirliyi mətbuata bildirib ki, gələn il üçün dövlət büdcəsi hazırlanarkən Azərbaycan neftinin 1 barelinin qiyməti 65 dollar nəzərdə tutulub.ABŞ-Venesuela arasındakı siyasi böhranın Azərbaycana iqtisadi təsiri ola bilərmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ ilə Venesuela arasında gərginliyin artması neft bazarları üçün prinsip etibarilə mühüm risk amilidir, amma bu riskin istiqaməti birmənalı deyil: “Adətən hərbi və siyasi böhranlar neft təchizatında fasilə qorxusu yaratdığı üçün qiymətləri yuxarı çəkir. Lakin Venesuela məsələsində fərqli ssenari gündəmdədir: əgər ABŞ-nin təzyiqi nəticəsində Venesuela nefti dünya bazarına daha böyük həcmdə çıxarsa və ya ölkənin neft sektoru ABŞ nəzarəti altında bərpa olunsa, bu, qlobal təklifin artmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”.

Akif Nəsirli

Akif Nəsirli bildirib ki, hazırda neftin dünya bazarındakı qiymətinin 60 dollar ətrafında olması artıq kifayət qədər həssas balansdan xəbər verir: “Azərbaycan neftinin qiymətinin 66 dollar civarında qalması və dövlət büdcəsində 65 dolların əsas götürülməsi o deməkdir ki, qısa müddətdə ciddi fiskal risk görünmür. Yəni qiymətlər bir qədər aşağı düşsə belə, bu, büdcə üçün kritik hədd sayılmır. Ancaq ABŞ-Venesuela böhranı uzunmüddətli xarakter alarsa və qlobal miqyasda neft təklifi artarsa, bu, Azərbaycan üçün mənfi təsir yarada bilər. Neft gəlirlərinin azalması büdcə gəlirlərinə, Dövlət Neft Fonduna transfertlərə və ümumi iqtisadi aktivliyə təzyiq göstərə bilər. Bununla belə, Azərbaycanın fiskal qaydaları, ehtiyat fondları və konservativ qiymət proqnozu bu cür şokların təsirini qismən yumşaltmaq məqsədi daşıyır”.

İqtisadçı qeyd edib ki, ABŞ-Venesuela böhranının Azərbaycana neft qiymətləri baxımından təsiri mümkündür, amma bu təsir daha çox böhranın hansı istiqamətdə inkişaf etməsindən və qlobal neft təklifinə real təsirindən asılı olacaq. Qısa müddətdə ciddi təhlükə görünməsə də, orta və uzun müddətdə risklər tam istisna edilmir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
bizimyol.info

1Mənbələr