AZ

“Prezidentin Ağdamı URBİCİD-in açıq bir nümunəsi adlandırması dağıntıların miqdarını vurğulamaq üçün işlədilmiş ifadədir” - RƏY

"Ermənistan Qarabağ və ətraf bölgələrimizi işğal altında saxlamaqla Azərbaycana məxsus yeraltı və yerüstü sərvətlərin talan edilməsi siyasətini həyata keçirdi. Bu müddət ərzində bizə məxsus olan təbii sərvətlərimizin istismarı ilə üz-üzə idik. Uzun illər ərzində düşmən tapdağı altında qalmış torpaqlarımızda qızıl, mis və digər yerüstü sərvətlərimizin işğalını gördük. Eyni zamanda regionumuzda ekoloji tarazlığın pozulmasına yönəlik atılmış addımların da şahidiyik. Meşələrimizin qırılması, çaylarımızın çirkləndirilməsi... Biomüxtəlifliyə, eləcə də mədəni irsimizə bütövlükdə ziyan vurulub. Məscidlərimiz, qəbiristanlıqlarımız, tarixi abidələrimiz, muzeylərimiz tam şəkildə dağıdılıb, təyinatı dəyişdirilib".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

 

Deputat bildirib ki, Azərbaycan toponimlərinin dəyişdirilməsi istiqamətində Ermənistan tərəfindən ciddi addımlar atılıb: "Həmin ərazilərdə infrastrukturun sökülməsi faktı ilə qarşılaşdıq. O zamanlar fəaliyyətdə olan zavodlarımız dağıdılıb, elektrik xətləri, dəmir yolları sökülüb və başqa yerlərə daşınaraq satılıb. Bütün bunlar haqlı olaraq Azərbaycan tərəfindən talançılıq siyasəti kimi xarakterizə olunur. Beynəlxalq hüquqa əsaslanaraq Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar qarşısında bu talançılıq siyasətinin törətdiyi fəsadlar haqqında kifayət qədər geniş faktlar və məlumatlar çatdırıb. Ermənistan isə iddiaların bir qismini qəbul etmir, yaxud çalışır ki, hərbi şəkildə izahat versin. Buna baxmayaraq məsələ BMT-də, Avropa İttifaqında müzakirə olunub. Bəzi sahələr üzrə araşdırmalar aparılıb. Monitorinqlər keçirilib. Post-münaqişə dövründən sonra Ermənistanın Qarabağ regionunda və işğal altında saxladığı digər bölgələrimizdə həyata keçirdiyi siyasətin talançılıq siyasəti üzərində qurulduğunun şahidi oluruq. Düşünürəm ki, Azərbaycana dəymiş ziyanın ölçülməsi və müvafiq kompensasiyaların ödənilməsi bu gün zəruri xarakter daşıyır. Ağdam ən çox dağıntılara məruz qalan şəhərimiz olub. Ölkə başçısı cənab İlham Əliyevin Ağdamı URBİCİD-in açıq bir nümunəsi adlandırması dağıntıların miqdarını vurğulamaq üçün işlədilmiş ifadədir. Ağdam bütövlükdə yerlə-yeksan edilib. Şəhərin yaşayış binaları, məktəbləri tam şəkildə dağıdılıb. Mədəni irsə ciddi şəkildə zərbə vurulub. Ağdam "Cümə" məscidi və digər məscidlərə, tarixi obyektlərə ziyan dəyib. Şəhər həyatının silinməsinə yönəlik dağıdıcı erməni siyasətinin məntiqi nəticəsi olaraq bütün şəhər infrastrukturu sökülüb, kommunikasiyalar dağıdılıb. Şəhər ruhu faktiki olaraq itirilib. Bu, birmənalı olaraq beynəlxalq hüquqa zidd həyata keçirilən erməni siyasətinin məntiqi nəticəsidir. Ağdam şəhərinin bərpası Azərbaycan xalqı üçün çox vacib məsələdir. Əminəm ki, yaxın müddətdə bərpa-quruculuq işləri başa çatdıqdan sonra ağdamlılar öz doğma şəhərlərinə qayıdacaqlar".

 

Aytəkin Qardaşova

Tarix: 25 Dekabr 2025, 17:27   
Seçilən
21
pravda.az

1Mənbələr