Sual yaranır: bu proses qanunu pozan ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb edilməsi, yoxsa daha böyük bir siyasi mərhələnin başlanğıcıdır?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, istintaqın detalları hələ tam açıqlanmayıb və yayılan məlumatlar qeyri-dəqiqdir:
“Bu məsələ hələ yeni mövzudur. Hələlik çox şey məlum deyil. Hətta konkret olaraq kimin saxlanıldığı, kimin qaçıb gizləndiyi barədə də dolğun məlumat verilməyib. Şəxsən mən mediadan bu məlumatları ala bilmədim. Ümumi adlar mövcuddur, amma konkret olaraq kim həbs olunub, kim istintaqdan yayınıb, bilinmir.
Yayılan ifadələr də qeyri-dəqiqdir. Məsələn, yazılır ki, “faktiki rəhbəri”. Faktiki rəhbər nə deməkdir, hüquqi rəhbər nə deməkdir? Mediaya ötürülən məlumatlarda konkretlik olmadığı üçün cinayət işi ilə bağlı dəqiq bir şey demək mümkün deyil.
Qaçaqmalçılıq məsələsinə gəldikdə isə bilirsiniz ki, bu gün Azərbaycanda kifayət qədər tanınan qaçaqmalçılar mövcuddur və onlar fəaliyyətlərini istədikləri kimi davam etdirirlər. Bu, həm ərzaq məhsullarına, həm elektrotexnika və digər məhsullara aiddir”.
Partiya sədri məsələnin B.Əyyobova qarşı yönəldiyini deməyin hələ tez olduğunu söyləyib:
“Bu cinayət işinin kiminsə siyasi baxımdan “vurulması” və ya kiminsə fəaliyyətinin bitirilməsi məqsədli olub-olmaması hələ açıq qalır. Konkret olaraq Bəylər Əyyubovdan söhbət gedirsə, qeyd edim ki, o, uzun illər mühüm vəzifədə çalışıbş. Bir müddət əvvəl həmin vəzifədən uzaqlaşdırılıb, amma başqa bir post verilib. Əgər “vurulursa”, niyə hələ də vəzifədə qalır? Bu onu deməyə əsas verir ki, əslində Bəylər Əyyubov vurulmayıb.
Bu hadisə ilə bağlı medianı araşdırsanız görərsiniz ki, cəmi 2 gün əvvəl mətbuatda xəbər yayıldı ki, Bəylər Əyyubova xüsusi status verilib və bəzi imtiyazlar təqdim olunub. Səhv etmirəmsə, bu, Baş nazirin imzası ilə həyata keçirilib. Yəni bu məsələni ümumilikdə Bəylər Əyyubov timsalında bir siyasi qrupun vurulması kimi qiymətləndirmək mümkün deyil, fərdi olaraq isə hələ dəqiq məlumat yoxdur.
Hər kəsin qohumları var və hər qohumun atdığı addıma görə insanlar cavabdeh olmur. Bu məsələlər üçün indidən danışmaq hələ tezdir, bir az zamana ehtiyac var. Azərbaycanda baş verən son hadisələr konkret və birmənalı fikir bildirməyə imkan vermir.
Ad çəkməyəcəyəm, amma Azərbaycan siyasi tarixində böyük hay-küylə həbs olunub sonradan azadlığa buraxılan insanları görmüşük. Ona görə fikrimcə, zamana ehtiyac var ki, görək nə baş verir və vəziyyət necə olacaq. İndidən bu məsələləri dəyərləndirmək vaxtından əvvəl və yersiz olar. Sabah hadisələrin başqa formada cərəyan etməsi ilə uyğun gəlməz.
Mən prosesləri izləməyin, hadisələrin hara istiqamətlənəcəyini görməyin və tələsməməyin tərəfdarıyam. Hələlik tələsmək lazım deyil”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq:
– 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq),
– 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və
– 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.