Azərbaycan Respublikası Dövlət Reklam Agentliyində (ADRA) Agentliyin İdarə Heyətinin müşaviri Lalə Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini Nailə Nəsibovanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı ADRA ilə Əqli Mülkiyyət Agentliyi arasında imzalanmış əməkdaşlıq memorandumu nəzərdən keçirilib, sənədin icrası çərçivəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Eyni zamanda açıq məkanda yerləşdirilən reklamlarda Azərbaycan dilindən düzgün istifadənin təşviqi məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Bu sahədə maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb, dil normalarına riayət olunmasının reklam fəaliyyətində normativ tələblərin təmin olunmasına xidmət etdiyi qeyd olunub.
Görüşün sonunda açıq məkandakı reklamlarda Azərbaycan dilinin qorunması və təşviqi ilə bağlı hər iki dövlət qurumu tərəfindən birgə tədbirlər planının hazırlanması barədə razılıq əldə olunub.


