AZ

Paşinyan Tramp marşrutunun tikintisi ilə bağlı detalları açıqlayıb

Ermənistan hökuməti layihənin praktiki mərhələsinin 2026-cı ildə başlanacağını bildirib...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tramp marşrutu adlı nəqliyyat layihəsinin icrasının praktiki mərhələsinin, o cümlədən tikinti işlərinin 2026-cı ildə başlanacağını açıqlayıb. Onun sözlərinə görə, hazırda layihənin reallaşdırılması üçün institusional və hüquqi çərçivələr formalaşdırılır, ABŞErmənistan arasında müvafiq sənədlərin imzalanmasına hazırlıq gedir.

Paşinyan bildirib ki, ilkin mərhələdə dəmir yolu xəttinin inşası prioritet hesab olunur. Baş nazir bunu keçmişdə bölgədə oxşar marşrutların mövcud olması və fəaliyyət göstərməsi ilə əsaslandırıb. O vurğulayıb ki, kommunikasiya xətlərinin açılması və layihənin tam şəkildə icrası regionda sərhədlərin delimitasiyası prosesi ilə birbaşa bağlıdır və bu məsələdə Azərbaycanla aparılan danışıqlar həlledici əhəmiyyət daşıyır.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, Tramp marşrutu regional nəqliyyat əlaqələrinin bərpasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və beynəlxalq ticarət axınlarının genişlənməsinə xidmət etməlidir. Layihə çərçivəsində təhlükəsizlik və idarəetmə mexanizmlərinin də ayrıca razılaşdırılacağı bildirilib.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın iştirakı ilə döyüş əməliyyatlarının dayandırılması barədə bəyannamə imzalayıblar. Sənəd, digər müddəalarla yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirən Tramp marşrutunun açılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, bu nəqliyyat dəhlizinə nəzarət ABŞ tərəfindən həyata keçiriləcək.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr