İlqar Nuri “Suverenliyin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə yeni biznes və investisiya imkanları” adlı paneldə çıxış edib -Foto
Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda konfrans keçirib.
Tədbirdə Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Vüqar Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, dövlət qurumlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də iş adamları iştirak edib.
ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük Zəfərdən sonra ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafına verdiyi töhfələr, habelə bu proseslərin sahibkarlıq mühiti üçün yaratdığı yeni imkanlardan danışıblar.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Eldəniz Əmirovun moderatorluq etdiyi “Suverenliyin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə yeni biznes və investisiya imkanları” adlı ilk paneldə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Aqil Əzizov, ATİB üzvləri Azərbaycan Biznesinin İnkişafı Fondunun nümayəndəsi Rüfət Əliyev, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun Korporativ funksiyalar üzrə müavini İlqar Nuri və “Qarabağ Aqro 44” MMC-in Layihə rəhbəri Ərəstun Qarayevi çıxış ediblər.
Tədbir çərçivəsində şəhid övladlarından ibarət “Zəfər sədası”uşaq xorunun ifasında mahnılar səsləndirilib.
Veysəloğlu Şirkətlər Qrupunun təmsilçisi İlqar Nuri panel müzakirələrində aktiv iştirakına görə təşəkkürnamə ilə təltif olunub.