AZ

Zəfər Tağı Qarabağın Azərbaycan xalqına qaytarılmasının simvoludur -Hikmət Babaoğlu

Prezident İlham Əliyevin Ağdamda məcburi köçkünlərlə görüşü zamanı səsləndirdiyi fikirlərdə 44 günlük Vətən müharibəsinin siyasi, tarixi və ideoloji nəticələri xüsusi vurğulanıb. Xankəndidə açılan Zəfər tağının simvolik mənası, Ermənistanın yeni reallıqlarla barışmağa məcbur qalması və Zəfər tarixinin gələcək nəsillərə ötürülməsinin vacibliyi prezidentin çıxışında vurğulanıb.

İlham Əliyevin səsləndirdiyi mesajları nəzərə alaraq Zəfər tağı və 44 günlük müharibənin gündəliklər üzrə təsbiti Azərbaycanın postmünaqişə dövründə milli yaddaşın formalaşdırılması və regionda yeni siyasi reallıqların möhkəmləndirilməsi baxımından hansı əhəmiyyətə malikdir?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, 2025-ci ilin sonuna yaxınlaşarkən Böyük Qayıdışın növbəti mərhələsinə şahidlik etdik.

"Azərbaycan Prezidenti bərpa olunmuş möhtəşəm Ağdam şəhərində məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtmasını təmin etdi. Kərkicahan qəsəbəsi yenidən dirçəldi, Kərkicahan sakinləri doğma yurdlarına qovuşdular. Ballıcada isə sənaye müəssisəsi fəaliyyətə başladı. Bununla yanaşı, Xankəndi şəhərində Azərbaycan Prezidenti Zəfər Tağı abidəsinin açılışında iştirak etdi. Bu hadisə 100 ildən sonra Xankəndinin Azərbaycan xalqına qaytarılmasının və zəfərimizin simvolik şəkildə taclandırılmasının bariz nümunəsi idi. Zəfər abidəsinin xüsusi simvollarla inşa edilməsi həm tarixi yaddaşımıza xidmət edir, həm də bu zəfərin necə qazanıldığını əks etdirən mənalarla zəngindir. Bütün bunlar ən yeni tariximizin ən şanlı səhifələrini təşkil edir. Biz 2026-cı ilə keçərkən qayıdışın yeni proqramı başlayacaq. Beləliklə, Azərbaycan Prezidentinin Qarabağa son səfəri ilə birinci qayıdış proqramının son akkordlarına şahidlik etdik. Bu, hər birimizdə, hər bir azərbaycanlıda və Azərbaycanı sevən hər kəsdə qürur və fəxarət hissi yaratdı. Ona görə də hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ilinin dəyişməsi ərəfəsində baş verən bu hadisələr hər bir azərbaycanlıya yeni bayram əhval-ruhiyyəsi bəxş etdi və tarixi yaddaşımızın yeni, şərəfli və qürurlu bir səhifəsini yazmış oldu", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
107
1
redaktor.az

2Mənbələr