AZ

İsti içkilər ağız sağlamlığı üçün zərərlidir? Stomatoloqdan AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qış aylarında isti içkilər, soyuq havadan qorunmaq və bədənə istilik vermək məqsədilə daha çox istifadə edilir. Çay, qəhvə, kakao kimi içkilər xüsusilə soyuq günlərdə rahatlıq verə bilər. Lakin isti içkilərin ağız və diş sağlamlığına bəzi mənfi təsirləri ola bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında stomatoloq İdris Rəhimli qışda isti içki içməyin ağız sağlamlıqına təsiri haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, çox isti içkilər diş minasına (emalına) zərər verə bilər:

"Diş emalı dişlərin qorunmasında mühüm rol oynayır, lakin yüksək temperatur diş minasını zəiflədir və bu, dişlərin daha həssas olmasına, ağrının yaranmasına və dişlərin sürətlə aşınmasına səbəb ola bilər. Həmçinin bəzi içkilərin tərkibindəki turşular diş minasını zədələyərək uzunmüddətli problemlərə yol aça bilər. İsti içkilərin içilməsi, xüsusən şəkərli içkilərin istifadəsi diş çürüməsi riskini artırır. Şəkərli içkilər ağızda bakteriyalarla qarşılıqlı təsirə girərək turşu əmələ gətirir və bu da diş minasını zəiflədir. Həmçinin qışda isti içkilər tez-tez qəbul edildiyi üçün dişlərin üzərində şəkər və turşular uzun müddət qalır, bu da çürümə riskini daha da artırır".

Həkim dedi ki, isti içkilər, xüsusilə qəhvə və çay, ağızda quruluğa da səbəb ola bilər.

"Kafein tərkibli içkilər tüpürcək istehsalını azaldaraq ağız quruluğuna yol açır. Ağız quruluğu isə diş çürüməsi və ağızda pis qoxunun yaranmasına gətirib çıxara bilər. Eyni zamanda orqanizmin müqavimətini zəiflədir və ağız infeksiyalarının yaranmasına səbəb ola bilər. İsti içkilərin dişlərdə ləkələrin yaranmasına da səbəb ola biləcəyini unutmamalıyıq. Xüsusilə qəhvə və çay uzun müddətli istifadədə dişlərin saralmasına və digər ləkələrin yaranmasına yol açır. Bu, estetik baxımdan narahatlığa səbəb olduğu kimi, dişlərin təbii ağlığını da poza bilər. Bundan əlavə, qışda isti içkilər və soyuq hava arasında sürətli temperatur dəyişiklikləri ağızda iltihab və aftaların yaranmasına səbəb ola bilər. Ağızda incə toxumaların olduğu hallarda bu cür dəyişikliklər, xüsusilə, ağrı və qıcıqlanmalara yol aça bilər. Bu səbəbdən, isti içkilərdən istifadə edərkən diqqətli olmaq və onları mülayim şəkildə içmək vacibdir. Şəkərli içkilərdən qaçınmaq, içkini çox isti içməmək və içdikdən sonra ağızı su ilə yumaq dişlərimizi qorumağa kömək edəcək", - deyə müsahibimiz əlavə etdi. 

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
redaktor.az

2Mənbələr