AZ

Alimlər geyiklərin gözlərinin qışda niyə rəng dəyişdirdiyini açıqlayıblar

Şimal Qütb Dairəsindən yuxarı ərazilərdə yaşayan şimal marallarının (ren geyiklərinin) qeyri-adi, demək olar ki, fantastik bir xüsusiyyəti var: onların gözləri fəsillərə görə rəng dəyişir.

Editor.az xəbər verir ki, bu barədə ScienceAlert nəşri məlumat yayıb.

Belə ki, yay aylarında ren geyiklərinin gözləri qızılı-yaşıl işığı əks etdirirsə, qütb gecəsinin hökm sürdüyü qış mövsümündə bu rəng tünd mavi çalara çevrilir. Söhbət Rangifer tarandus növündən gedir və bu hadisə optik illüziya deyil, işığın son dərəcə az olduğu şəraitdə yaşamağa uyğunlaşmış real fizioloji adaptasiyadır.

Ren geyikləri əsasən alatoranlıq vaxtı aktiv olurlar. Arktik qışında alatoranlıq günün üçdə birinə qədər davam edə və ətraf mühitə mavi çalarlar bəxş edə bilər. Yırtıcıları və qida mənbələrini (məsələn, mamırları) daha yaxşı ayırd edə bilmək üçün ren geyiklərinin görmə sistemi özünəməxsus mexanizm inkişaf etdirib.

Bu prosesdə göz torlu qişasının (retinanın) arxasında yerləşən əks etdirici qat – tapetum lucidum mühüm rol oynayır. Bu qat bir çox gecə aktiv heyvanlarda mövcuddur və gözlərin qaranlıqda “parlamasına” səbəb olur. Lakin ren geyiklərində bu qat unikaldır: yayda sarı-yaşıl, qışda isə əsasən mavi işığı əks etdirir.

Nəticədə işıq retinadan iki dəfə keçərək görmə həssaslığını artırır. Alimlərin hesablamalarına görə, alatoranlıqda ren geyiklərinin görmə qabiliyyəti min dəfəyə qədər daha işıqlı olur, lakin bu, görüntünün bir qədər bulanıqlaşması ilə müşayiət olunur. Bu, sanki dumanlı şüşədən baxmağa bənzəyir.

Qış aylarında geyiklərin göz bəbəkləri demək olar ki, daim genişlənmiş vəziyyətdə qalır. Bu hal göz daxilindəki maye balansına təsir edərək tapetum lucidumun quruluşunda cüzi dəyişikliklər yaradır.

Oftalmoloq Robert Fosberi bu mexanizmi qış təkərləri ilə müqayisə edib: “İnsanlar soyuq havada yol tutumunu artırmaq üçün təkərlərdəki hava təzyiqini azaldırlar. Geyik də qaranlıqda daha yaxşı görə bilmək üçün gözündəki mayenin bir hissəsini sanki “boşaldır””.

Dəqiq biokimyəvi mexanizm hələ tam öyrənilməyib. Lakin dəyişikliklərin geri dönən xarakter daşıması vacib məqamdır: yaz fəslində geyiklərin gözləri yenidən yay rənginə qayıdır.

Ren geyikləri hazırda göz rəngində mövsümi dəyişiklik müşahidə olunan yeganə məməli heyvan kimi tanınır. Alimlər hesab edirlər ki, daim alatoranlıq şəraitində yaşayan digər heyvanlarda da oxşar mexanizmlər mövcud ola bilər, lakin bunu təsdiqləyən elmi sübutlar hələlik yoxdur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
52
editor.az

1Mənbələr