AZ

Şəhərin rəngsiz mövsümü... Qış Bakını niyə qara ldır?

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qış Bakıya gələndə təkcə hava soyumur. Sanki şəhərin rəng palitrası da dəyişir. Küçələrdə addımlayan insanların üzərində eyni çalarlar hökm sürür: qara palto, qara çanta, tünd şərf, boz baxışlar. Elə bil Bakı qışda razılaşıb ki, parlaq olmaq ayıbdır. Bu, təkcə dəb məsələsi deyil. Qış aylarında Bakıda qara rəngin “hakimiyyətə gəlməsi” həm psixoloji, həm də sosial səbəblərlə bağlıdır. Qara rəng bizdə təhlükəsiz sayılır: ləkə göstərmir, tez köhnəlmir, hər geyimlə uyğunlaşır. Amma bunun arxasında daha dərin bir səbəb var gözə batmamaq ehtiyacı.

Bakı küçələrində fərqli geyinmək hələ də cəsarət tələb edir. Rəngli palto geyinənə baxırlar, sarı papaq taxana dönüb baxırlar, qırmızı çanta ilə keçənə pıçıldayırlar. Qışda bu baxışlar daha ağır hiss olunur. İnsan özü də bilmədən "qara"nın arxasında gizlənir. “Məni görməsinlər, məni müzakirə etməsinlər”.

Qara rəng həm də bizim şəhərin qış psixologiyasına uyğundur. Günlər qısalır, səma bozlaşır, günəş nadir qonağa çevrilir. Bu bozluq təkcə havada yox, insanların üzündə, addımında da hiss olunur. Qara palto bu ruh halının sanki rəsmi formasıdır.

Maraqlıdır ki, eyni Bakı yayda birdən-birə rənglənir. Açıq rənglər, güllü donlar, cəsarətli çantalar, rəngli dırnaqlar… Deməli, problem nə iqlimdir, nə də maddi imkan. Problem özünü ifadə etməyə olan qorxudur.

Qışda qara geyinmək bizdə həm də “ciddilik” göstəricisidir. Elə bil rəngli geyinsən, səni ciddi qəbul etməyəcəklər. Xüsusən işə gedənlər üçün qara təhlükəsiz seçimdir. Nə diqqət çəkir, nə də sual doğurur. Amma bu təhlükəsizlik şəhəri də yavaş-yavaş rəngsizləşdirir.

Bakı qışda qara rəngə bürünəndə şəhər daha sakit, daha ağır, daha yorğun görünür. Halbuki bir sarı palto, bir yaşıl şərf, bir mavi çanta belə küçənin havasını dəyişə bilər. Rəng təkcə estetik deyil, ruh halıdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
bizimyol.info

1Mənbələr