AZ

Aşıq sənətində ilahi ilham və buta fenomeni: arxaik yaddaşın davamlılığı

Bakı, 25 dekabr, AZƏRTAC

Dəmirqapı Dərbənd “Kitabi-Dədə Qorqud”da adı çəkilən, tariximizin ən qədim şəhərlərindən biridir. Bu şəhər əsrlər boyu təkcə strateji mövqeyi ilə deyil, zəngin saz-söz ənənəsi ilə də tanınıb. Yazılı mənbələr XV–XVI yüzilliklərdə Dərbənddə olduqca canlı aşıq mühitinin mövcud olduğunu göstərir. XVII–XIX əsrlərdə isə Dərbənd aşıq mühiti artıq şəhər sərhədlərinə sığmır, təsir dairəsini genişləndirirdi. Bu mühit həm Azərbaycanın yaxın bölgələrində — Quba, Xaçmaz, Şəki-Zaqatala, Qax tərəflərində aşıq sənətinin inkişafına təkan verirdi, həm də Dağıstanın Dərbənd ətrafı ərazilərində yaşayan aşıqların ifa tərzinə güclü təsir göstərirdi.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Dərbənd aşıq mühiti ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

“XX əsrdə, xüsusən sovet onilliklərində həyata keçirilən məqsədyönlü imperiya siyasəti Dərbənd azərbaycanlılarının bir çox mədəni sərvətlərini əlindən aldı. Bir-iki kənd istisna olmaqla, saz səsi susdu. Dərbənddə coşqun aşıq məktəbinin zəifləməsi, ondan əsas yaradıcılıq impulslarını alan qonşu bölgələrdə də sazın səngiməsinə səbəb oldu. Bununla belə, Azərbaycan sazı tarixdən gələn dərin kökləri üzərində yenə də ucaltmağı bacardı. Keçdiyi çətin yolun uğur və itkilərini süzgəcdən keçirərək irəliləyişini davam etdirdi.

Mərkəzi Dərbənd mahalı olmaqla, Tabasaran və Rutul rayonlarını əhatə edən, təsir dairəsini Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrinədək uzadan bu aşıq mühiti tarixən Azərbaycan aşıq sənətinin aparıcı regional mərkəzlərindən biri sayılıb. Mühitin formalaşmasında sufi-dərviş dünyagörüşü və təkkə ocaqları mühüm rol oynayıb. Yazılı mənbələrdə XVI əsrdə yaşamış Bayat Abbasın adı xüsusi çəkilir. Onun yüksək poetik dəyərə malik qoşma və gəraylıları Dərbənd aşıq mühitinin dərin yaradıcılıq ənənələrindən xəbər verir. Bayat Abbas ustad aşıq kimi Dərbənddə və ətraf əyalətlərdə böyük şöhrət qazanmış, şeirləri sonrakı dövr aşıqlarına güclü təsir göstərmişdir. Varxiyanlı Məhəmməd, Ehraqlı Rəcəb, Vəlikəndli Fətəli kimi sənətkarların ona nəzirələr qoşması da bunun bariz nümunəsidir.

Dərbənd aşıq mühitinin yetişdirdiyi tanınmış sənətkarlardan biri də XIX əsrdə yaşamış Rəcəb Ehraqlıdır. Rutul bölgəsinin Ehraq kəndindən olan bu ustad aşıq Dərbənd, Quba, Samur tərəflərində “haqq aşığı” kimi tanınıb. Gözlərinin zəif görməsi səbəbilə “kor aşıq” adlandırılan Rəcəb Ehraqlı haqqında bu günədək maraqlı rəvayət və hekayətlər dolaşmaqdadır. Bizə gəlib çatan şeirləri onun yüksək sənətkarlıq səviyyəsini təsdiqləyir. XX əsrdə bu mühitin yetirdiyi ustadlardan biri də Soltan Seyid olmuşdur. 1925–2004-cü illərdə yaşamış aşıq, Rutul rayonunun Katrux kəndində anadan olmuş, sonralar Qubada fəaliyyət göstərmişdir. “Soltan və Qəndab” dastanının müəllifi olan Aşıq Soltan erkən yaşlarından sənətə bağlanmış, yaradıcı aşıq kimi tanınmışdır.

XVII–XVIII yüzilliklərdə Dərbənddə yaşamış Məsum Əfəndinin də adı bu mühitin görkəmli simaları sırasında çəkilir. Onun “Məsum Diləfruz” dastanı və günümüzə gəlib çatan şeirləri ustad sənətkar olduğunu təsdiqləyir. Dərbənd aşıq mühiti Yersulu aşıq Emin, Səfilli Məmməd, Xalid Qaradağlı, Əhməd Hümeydi, Aşıq Qonaqbəy, Aşıq Tahirbəy, Aşıq Niftulla kimi çoxsaylı saz-söz ustadlarını da yetişdirmişdir. Bu mühitin təsiri ilə ləzgi, dargin, avar, saxur kimi azsaylı xalqların aşıqları da Azərbaycan türkcəsində şeir qoşmuş, məclislərini bu dildə aparmışlar.

Dərbənd aşıqlarının ifaçılığı əsasən saz-balaban, bəzi yerlərdə isə saz-balaban-nağara müşayiəti üzərində qurulub. Mühit təkkə ənənəsinə söykəndiyi üçün hərəkətli, ritmik ifa tərzi ilə seçilir. “Dərbəndi” və “Quba Kərəmi” kimi aşıq havaları da bu bölgənin yaddaşında xüsusi yer tutur.

XX yüzilliyin ortalarından etibarən Dərbənd aşıq mühiti tədricən zəifləməyə başlayıb. Bu gün isə yalnız Dərbənd ətrafındakı Yersu və Marağa kəndlərində saz sənəti öz nəfəsini qismən qoruyub saxlayır. Bununla belə, bu torpaqlarda hələ də yaşayan saz səsi, bir zamanlar bütün Qafqaza yayılan böyük mədəniyyət dalğasının sönməyən izidir”.

 

Seçilən
85
azertag.az

1Mənbələr