Məhərrəm Zülfüqarlı: “Erməni vəhşiliklərini unutsaq, xalqımıza qarşı daha məkrli təxribatlar həyata keçiriləcək”
Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib ki, sülh prosesinin təşəbbüskarı biz olsaq da şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik:
“Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.
“1988-ci ildə erməni separatizmi başlayanda çox az sayda erməni buna qarşı çıxdı və Azərbaycanın haqq işini müdafiə etdi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, biz əgər erməni vəhşiliklərini, ərazilərimizin uzun müddət işğal altında qalmasını unutsaq, sabah yenidən bununla üzləşəcəyik: “Xalqımıza qarşı daha məkrli təxribatlar həyata keçiriləcək. Necə ki, 1918-ci ilin mart soyqırımını unutduq və başımıza bu cür fəlakətlər gəldi. SSRİ dağılanda daha böyük fəlakətlə üzləşdik. Ona görə də biz bütün bunları unutmamalıyıq. İkinci Dünya müharibəsindən sonra gələn yeni nəsil faşizmi lənətlədi. Hətta Hitlerin dövründə ona qarşı çıxan dəyanətli şəxslər olub. Məsələn, 1933-1945-ci illərdə Almaniyada 80 min alman faşistlərin siyasətinə, müharibəyə qarşı çıxmışdı. Onlardan 40 mini məhv edilmişdi. Bu nəyin göstəricisidir? Onun göstəricisidir ki, müharibəni hər hansı dövlətin başçısı aparırsa, xalqın müqaviməti ilə üzləşməlidir. Belə xalqlar çoxdur. Təəssüf ki, erməni xalqında belə proses yoxdur. Düzdür, sülh tərəfdarları var, amma onların fəaliyyəti aktiv müşahidə edilmir. Məsələ ondadır ki, 1988-ci ildə erməni separatizmi başlayanda çox az sayda erməni buna qarşı çıxdı və Azərbaycanın haqq işini müdafiə etdi. Əgər onlar minlərlə, on minlərlə olsaydılar, əlbəttə, o cür fəlakətlər baş verməzdi, ərazilərimiz işğala məruz qalmazdı. Ona görə də biz sülhdən danışırıq və bu, təbii prosesdir. Çünki bütün müharibələr bununla nəticələnib. Məsələn, Fransa ilə İngiltərə 100 ildən artıq müharibə aparıb. Sonra əməkdaşlıq ediblər. Almaniya iki dünya müharibəsinin baş verməsində başlıca rol oynayıb. Ancaq müharibələrdən sonra İngiltərə ilə Fransa bu ölkə ilə əməkdaşlıq edib. Ona görə də gərək erməni xalqı 30 il aparılan siyasəti lənətləsin. O zaman Ermənistanla Azərbaycan arasında dayanıqlı etimad yaranacaq. Çünki işğal faktı Ermənistana xoşbəxtlik gətirmədi. Onlar da qurbanlar verdilər, Ermənistan təcrid vəziyyətinə düşdü. Ona görə də erməni xalqı özündə güc tapıb revanşizmə qarşı mübarizə aparmalıdır. Onda dayanıqlı sülhə nail olmaq olar və gələcəkdə problem aradan qalxa bilər. Nəticədə Qafqazda daimi sülh olar. Gərək Rusiya, rus xalqı da sülhə dəstək versin. Çünki bir sıra hallarda Rusiya konfliktdən öz məqsədləri üçün istifadə edib. Problem ondadır ki, rus cəmiyyəti Rusiyanın Ukraynada apardığı müharibəyə etiraz etmir. Cəmi 3 min nəfər rus ziyalısı buna qarşı çıxıb”.
Vidadi ORDAHALLI