Çin bir qrup rabitə peykini uğurla orbitə çıxarıb.
Editor.az xəbər verir ki, Çin Kosmik Elm və Texnologiya Korporasiyası (CASC) SatNet aşağı orbitli rabitə peyklərinin 17-ci partiyasının uğurla buraxıldığını açıqlayıb. Məlumat şirkətin mətbuat xidməti tərəfindən WeChat platforması üzərindən paylaşılıb.
Peyklərin buraxılışı cümə günü yerli vaxtla saat 07:26-da (Moskva vaxtı ilə 02:26) Haynan əyalətinin cənubunda yerləşən Vençanq Peyk Buraxılış Mərkəzinin kommersiya start meydançasından həyata keçirilib. Buraxılış zamanı CZ-8A (Long March 8-Ei) daşıyıcı raketindən istifadə olunub. Bu missiya Long March raketlər seriyasının 620-ci uçuşu olub.
Qeyd edək ki, daha əvvəl Çin şirkəti Galactic Energynin 2028-ci ildə raketlərin kosmosa buraxılması üçün dünyada ilk elektromaqnit buraxılış sistemini təqdim edəcəyi barədə məlumat yayılmışdı. Bildirilir ki, sistem maqnit levitasiyası (maglev) prinsipi əsasında işləyəcək və superkeçirici maqnitlər vasitəsilə daşıyıcı aparatın mühərriki işə salınmadan belə səsüstü sürətə çatmasına imkan verəcək. Sistem həm səssizliyi, həm də raket yanacağına qənaət etməsi ilə seçilir.
//Gülnarə Abasova, Editor.az