İspaniyada tapılan və təxminən IV əsrə aid şərab kremasiya edilmiş insan qalıqlarının saxlandığı urnada tapılıb...
Poliqon xəbər verir ki, arxeoloqlar dünyanın ən qədim şərab nümunəsi hesab edilən tapıntı ilə bağlı gözlənilməz nəticəyə gəliblər. Express nəşrinin yazdığına görə, yaşı təxminən 2 min il olan şüşə altı il əvvəl İspaniyanın Karmona şəhərində Roma dövrünə aid məzarlıqda aparılan qazıntılar zamanı aşkar edilib. Əvvəlcə sadəcə qədim bir şərab qabı kimi qiymətləndirilən tapıntının daha sonra insan qalıqları olan Roma urnası olduğu üzə çıxıb.
Aparılan laborator analizlər nəticəsində urnanın içindəki mayenin IV əsrə aid olduğu və tərkibinə görə xeres tipli şəraba bənzədiyi müəyyən edilib. Bu fakt onu indiyədək tapılmış ən qədim şərab nümunələrindən birinə çevirir. Analizlərə rəhbərlik edən Kordova Universitetinin üzvi kimyaçısı Xose Rafael Ruis Arrebola bildirib ki, urnanın açılması zamanı içinin tamamilə maye ilə dolu olduğunu görmək alimlər üçün xüsusilə böyük sürpriz olub.
Urnanın daxilində şərabla yanaşı, kremasiya edilmiş bir kişiyə aid sümüklər və üzərində ikiüzlü Yanus təsviri olan qızıl üzük də tapılıb. Mütəxəssislərin fikrincə, üzük kremasiya zamanı mərhumun üzərində olmayıb və sonradan urnaya yerləşdirilib. Bundan başqa, kremasiya mərasiminin keçirildiyi yatağa aid ola biləcək metal ayaq hissələrinin də urnada olması ehtimal edilir.
Qeyd olunur ki, bu Roma urnası 2019-cu ildə təsadüfən aşkar edilib. Bir ailə öz torpaq sahəsində iş apararkən yerin altında qalmış qədim Roma məzarlığına rast gəlib. Məzarlıqda səkkiz dəfn nişi olub, onlardan altısı əhəngdaşı, qumdaşı və ya qurğuşun qatqılı şüşədən hazırlanmış urnalarla doldurulub. Hər bir urna bir nəfərin kremasiya edilmiş qalıqlarını ehtiva edib. İki urnanın üzərində isə ölənlərin adları qeyd olunub: Hispanae və Senisio.
Məzarlıqdakı urnalardan birində qadına aid qalıqlarla yanaşı üç ədəd kəhrəba bəzək əşyası, paçuli qoxulu ətir flakonu və ipək parça fraqmentləri tapılıb. Bu əşyaların hamısı Roma inanclarına uyğun olaraq mərhumların axirət dünyasına səyahətdə ehtiyac duyacağı düşünülən predmetlər kimi məzara qoyulub.
Mənbələr xatırladır ki, Roma dəfn mərasimləri beş əsas mərhələdən ibarət idi: dəfn yürüşü, kremasiya və torpağa tapşırma, elegiya oxunuşu, mərasim süfrəsi və anım mərhələsi. Qədim romalılar bu ritualların dəqiq icrasını son dərəcə vacib hesab edir, əks halda ölünün ruhunun yeraltı aləmdən qayıdaraq dirilərə zərər verə biləcəyinə inanırdılar.
Poliqon.info