AZ

Zelenskinin sülh planı Moskva üçün niyə qəbuledilməzdir?

Ukrayna-Rusiya müharibəsi üçün irəli sürülən sülh təşəbbüsləri beynəlxalq gündəmdə qalmaqda davam edir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi sülh planı rəsmi Kiyev üçün prinsipial yol xəritəsi hesab edilsə də, Moskva tərəfindən açıq şəkildə rədd edilir. Ukrayna parlamentində səslənən son açıqlamalar da göstərir ki, tərəflər arasında mövqelər təkcə yaxınlaşmır, əksinə daha da sərtləşir. Xüsusilə, Rusiyanın tələblərinin genişlənməsi və “Novorossiya” diskursunun yenidən gündəmə gətirilməsi diplomatik perspektivləri sual altına alır. Mövcud vəziyyət fonunda real sülh imkanlarının olub-olmaması beynəlxalq ictimaiyyət üçün də aktual mövzuya çevrilib.

Bununla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Zelenskinin sülh planı ilk növbədə Ukraynanın ərazi bütövlüyü prinsipinə əsaslanır və burada hər hansı güzəştə yer verilmir. Plan Rusiyanın işğal etdiyi bütün ərazilərdən tam geri çəkilməsini əsas şərt kimi qoyur. Eyni zamanda, beynəlxalq hüququn bərpası və təhlükəsizlik zəmanətləri xüsusi yer tutur:

“Ukrayna bu yanaşma ilə müharibənin nəticələrinin legitimləşdirilməsinə imkan vermək istəmir. Bu, daha çox normativ və hüquqi baxımdan əsaslandırılmış bir mövqedir. Lakin hərbi-siyasi reallıqlar bu planın icrasını çətinləşdirir”.

Müsahibimiz qeyd edib ki, Rusiya bu sülh modelini faktiki olaraq öz məğlubiyyəti kimi qiymətləndirir. Moskva üçün işğal olunmuş ərazilər təkcə hərbi yox, həm də ideoloji məsələdir. Donetsk və daha geniş ərazilərlə bağlı tələblərin səsləndirilməsi bunu açıq göstərir. Onun sözlərinə görə, bu yanaşma kompromisə deyil, təzyiq yolu ilə nəticə əldə etməyə hesablanıb. Rusiya siyasi elitası üçün geri addım daxili legitimlik baxımından da risklidir. Buna görə də Moskva Ukraynanın irəli sürdüyü şərtlərə prinsipial şəkildə qarşı çıxır.

Züriyə Qarayeva: Beynəlxalq dəstək Ukraynanın mövqeyini qorumasında mühüm rol oynayır, real nəticə isə…

Bu mövqelər fonunda real və yaxın perspektivli sülhün mümkünlüyünə gəlincə, politoloq hesab edir ki, qısa müddətdə real sülh ehtimalı olduqca zəif görünür. Dediyinə görə, tərəflərin mövqeləri bir-birindən kəskin şəkildə fərqlənir və ortaq nöqtə görünmür. Ukrayna kapitulyasiya variantını qəbul etmir, Rusiya isə geri çəkilməyə hazır deyil. Bu isə münaqişəni uzanan qarşıdurma mərhələsinə keçirir. Daha çox “dondurulmuş münaqişə” ssenarisi müzakirə oluna bilər. Tam sülh isə yalnız uzunmüddətli və mərhələli proses nəticəsində mümkün ola bilər.

“Beynəlxalq ictimaiyyət əsasən diplomatik təzyiq və vasitəçilik rolunda çıxış edir” deyən həmsöhbətimiz bildirib ki, lakin böyük güclər arasında vahid mövqenin olmaması bu təsiri zəiflədir. Sanksiyalar və siyasi bəyanatlar müharibəni dayandırmaq üçün yetərli olmur. Beynəlxalq təşkilatlar daha çox normativ çərçivə yaradır, amma icra mexanizmləri məhduddur:

“Buna baxmayaraq, beynəlxalq dəstək Ukraynanın mövqeyini qorumasında mühüm rol oynayır. Real nəticə isə yalnız tərəflərin siyasi iradə göstərməsi ilə mümkün ola bilər”.

Zülfü Məmmədov

Seçilən
35
1
bakivaxti.az

2Mənbələr