AZ

Dondurulmuş milyardlar, sarsılan hüquq: Avropanın öz əliylə qurduğu tələ

Avropada dondurulmuş Rusiya maliyyə aktivlərinin taleyi artıq texniki məsələ deyil. Bu mövzu beynəlxalq hüququn sütunlarını, qlobal maliyyə sisteminin etibarlılığını və Avropanın özünü qanunun aliliyinin qalası kimi təqdim edən siyasi kimliyini birbaşa sınağa çəkir. Söhbət yüz milyardlarla avrodan gedir və bu vəsaitlərin Ukraynanın maliyyələşdirilməsində istifadəsi ideyası emosional baxımdan cəlbedici səslənsə də, hüquqi və institusional baxımdan son dərəcə təhlükəli presedent yaradır.

Burada əsas, lakin bilərəkdən kölgədə saxlanan məsələ aktivlərin dondurulması (freezing of assets) ilə onların müsadirəsi (confiscation / expropriation) arasındakı fundamental hüquqi fərqdir. Dondurma beynəlxalq sanksiyalar rejimi çərçivəsində müvəqqəti tədbir kimi əsaslandırıla bilər. O, mülkiyyət hüququnu formal olaraq ləğv etmir, yalnız aktivlər üzərində sərəncam hüququnu məhdudlaşdırır. Müsadirə isə artıq mülkiyyətin özünə toxunur və beynəlxalq hüquqda yalnız çox məhdud, istisna hallarda - adətən məhkəmə qərarı və fərdi məsuliyyət əsasında mümkündür. Dövlətin dövlətə qarşı kollektiv şəkildə mülkiyyət hüququnu ləğv etməsi isə faktiki olaraq hüquqi nihilizmdir.

Məhz bu səbəbdən Belçika, Avropa Mərkəzi Bankı və bir sıra Aİ üzv dövlətləri bu təşəbbüsə açıq və ya örtülü şəkildə müqavimət göstərir. Onlar emosional siyasi çağırışlardan deyil, sistemli risk hesablamasından çıxış edirlər. Çünki Avropa Mərkəzi Bankı üçün məsələ yalnız Ukraynaya yardım deyil; məsələ avronun etibarlılığı, Avropa maliyyə sisteminin predictability və legal certainty prinsiplərinin qorunmasıdır. Hüquqi sabitlik olmadan maliyyə sabitliyi mümkün deyil. Siyasi bəyanatlar isə tam fərqli mənzərə yaradır. Bəzi Avropa liderləri “ədalətin bərpası”, “təcavüzkarın ödəməsi” kimi pafoslu şüarlarla çıxış edir. Lakin bu ritorikanın arxasında çox vaxt hüquqi mexanizm deyil, daxili ictimai rəy və populist təzyiq dayanır. Siyasi diskurs qısamüddətli mənəvi rahatlıq vəd edir, lakin uzunmüddətli sistem risklərini ya görməzliyə vurur, ya da bilərəkdən susdurur. Bu isə Avropanın öz prinsipləri ilə ziddiyyətə girməsi deməkdir.

Ən təhlükəli məqam presedent məsələsidir. Əgər Avropa siyasi məqsədlərlə suveren dövlətin mərkəzi bank ehtiyatlarını və ya dövlət fondlarını müsadirə edərsə, bu addım qlobal maliyyə sistemində geridönməz nəticələr doğura bilər. State immunity, sovereign assets protection və inviolability of central bank reserves kimi anlayışlar de-fakto mənasını itirər. Bu zaman heç bir dövlət öz ehtiyatlarını Avropa yurisdiksiyasında təhlükəsiz hesab etməz. Bu, artıq hipotetik risk deyil, bazarların soyuq hesablamalarıdır.

Real vəziyyət göstərir ki, bir sıra qeyri-Qərb ölkəsi artıq ehtiyatlarını diversifikasiya etməyə başlayıb. Avropa bankları və depozitarları “təhlükəsiz liman” statusunu itirdikcə kapital axınları alternativ maliyyə mərkəzlərinə - Asiya, Yaxın Şərq və hətta regional valyuta mexanizmlərinə yönələ bilər. Bu, Avropanın qlobal maliyyə mərkəzi kimi reputasiyasına vurulan ən ağır zərbə olar. Avropa öz əli ilə onilliklər ərzində qurduğu etimad kapitalını bir siyasi qərarla məhv etmiş olar. Bu gün müsadirə edilən Rusiya aktivləridir, sabah isə hansı dövlətin və hansı səbəblə hədəf alınacağı bəlli deyil. Beynəlxalq hüquqda selektiv tətbiq prinsipi hüququ norma olmaqdan çıxarıb alətə çevirir. Alətə çevrilmiş hüquq isə artıq hüquq deyil, güc siyasətinin dekorasiyasıdır.

Rusiya aktivləri harada və nə qədər dondurulub

“Əl-Cəzirə” və digər informasiya mənbələrinin verdiyi məlumata görə, Rusiya Mərkəzi Bankı və dövlətə məxsus digər vəsaitlərin dünya üzrə dondurulmuş həcmi təxminən 260-300 milyard avro ətrafındadır. Bunların əksəriyyəti Avropa İttifaqı və G7 ölkələrində yerləşir. Avropa İttifaqında ümumilikdə təxminən 210 milyard avro səviyyəsində Rusiya aktivi dondurulub. ABŞ və dünyanın digər ölkələrində Rusiyanın sanksiyalaşdırılmış aktivlərinin ən böyük həcmi Belçikada olub, aşağı-yixarı 180-193 milyard avro təşkil edir, daha sonra Yaponiyada təxminən 28 milyarda yaxın vəsait dondurulub. Bundan başqa, Böyük Britaniyada 27-32 milyard, Fransada təxminən 19-30 milyard, Kanadada 15,1 milyard, Lüksemburqda 10 milyard,  İsveçrədə 6,2 milyard, ABŞ-da isə 4.3-5 milyard avro saksiyalar altına düşərək dondurulub. Digər ölkələrdə də müəyyən həcmdə dondurulmuş vəsaitlər var, lakin ən böyük pay Avropa Birliyi daxilində cəmlənib. Bu aktivlər Rusiya dövlətinin valyuta ehtiyatları və mərkəzi bank rezervlərini ifadə edir və rəsmi statusda hələ də Moskvanın mülkiyyətində qalır - yalnız qeyri-müsadirə şəklində “dondurulub”.

Dünya siyasətçilərinin mövqeləri

Bu, siyasi baxımdan son dərəcə həssas məsələdir. Liderlər arasında fikir ayrılığı var, müxtəlif ölkələrin rəhbərləri fərqli arqumentlər irəli sürürlər. “Əl-Cəzirə”nin qeyd etdiyi kimi, Belçika bu aktivlərin istifadəsinə qarşı çıxır və əsas narahatlığı hüquqi risklər, potensial mübahisələr və Rusiyanın əldə bayraq etdiyi “hüquq mülkiyyətinə zərbə” ritorikasıdır. Macarıstan da bu məsələni Aİ sammitinin rəsmi gündəliyindən çıxarıb və aktivlərin müsadirəsi ideyasını dəstəkləməyib. “Gardian”ın yazdığına görə, İtaliya böyük risklərə diqqət çəkərək, aktivlərin istifadəsi üçün sabit hüquqi bazanın olmadığını vurğulayıb. Digər Avropa ölkələri - Çexiya, Estoniya və Polşa aktivlərdən istifadə olunmasını, bu vəsaitlərin Ukraynaya yardım üçün yönəldilməsini müdafiə edirlər (məsələn, Polşanın Baş naziri Donald Tusk bu ideyanı açıq şəkildə dəstəkləyib). “Financial Times” qəzetinin yazdığına görə, G7 və Qərb ölkələri, Böyük Britaniya və Kanada aktivlərin istifadəsinə qismən tərəfdar idi, lakin hüquqi maneələr və potensial sanksiya riskləri bu planları reallaşdırılmamış qoyub. ABŞ isə bəzi şərtlərlə sülh sazişi imzalandıqdan sonra aktivlərin geri qaytarılmasını dəstəkləyəcəyini bildirib, lakin bu yanaşma yalnız sülh danışıqlarının nəticəsinə bağlıdır.

“Reuters”in yazdığına görə, Rusiya rəhbəri Vladimir Putin və Kreml nümayəndələri bu aktivlərin müsadirəsini “soyğunçuluq” və “hüquq pozuntusu” kimi qiymətləndirirlər, Avropa liderlərini qanuni mexanizmlərə zidd addımlar atmaqda ittiham edirlər. Moskva eləcə də bu məsələdə sanksiyalara qarşı çıxış edir və öz tərəfdarı ölkələrdə qərarların geri götürülməsi üçün kampaniyalar aparır.

Ukraynanın baxışı isə fərqlidir: prezident Volodimir Zelenski bu aktivlərin tam şəkildə istifadəyə yönəldilməsinin vacibliyini bəyan edib, bunu “Rusiya təcavüzünün maliyyə hesabı” kimi qələmə verib. Bəzi rəsmilər aktivlərin səfərbər olunmasının Ukraynada təmir və bərpa xərclərini qarşılayacağını vurğulayırlar.

Siyasi və hüquqi narahatlıqlar

Avropa ölkələrinin əksəri aktivlərin müsadirəsi ideyasına qarşı aşağıdakı əsas arqumentləri irəli sürür:

* Hüquqi qeyri-müəyyənlik: aktivlərin müsadirəsi beynəlxalq hüquqda açıq formada nəzərdə tutulmayıb, bu isə Rusiya tərəfinin beynəlxalq hüququn pozulması iddialarını gücləndirir.

* Maliyyə riskləri: aktivlərə toxunulması Avropanın maliyyə institutlarına etimadı sarsıda, beynəlxalq investorların Avropa bazarlarından çıxmasına səbəb ola bilər.

* Retaliasiya riski: Moskva cavab olaraq Qərbin vətəndaş və dövlət aktivlərini rəsmən məhkəməyə verə, yaxud müsadirə etmək üçün addımlar ata bilər.

* İqtisadi təhlükəsizlik: ölkələr öz investisiyalarının qorunacağını təmin etmədən belə bir presedent yaratmaq istəmirlər.

Hər bir lider və dövlət bu məsələdə hüquqi risklər, siyasi məsuliyyət və geosiyasi balansı nəzərə almaq məcburiyyətindədir. Nəticə etibarilə Rusiya aktivləri dünya üzrə yüz milyardlarla avro həcmində dondurulub. Lakin bu aktivlərin hansı ölkədə nə qədər olması və onlardan necə istifadə olunacağı məsələsi siyasi razılıq, hüquqi əsas və geosiyasi strategiyanın qovuşduğu mürəkkəb sahədir. Liderlərin mövqelərində hüquq, risk və siyasi strategiya arasında ciddi ziddiyyətlər qalmaqdadır, bu məsələ qlobal maliyyə sistemi və hüquqi sistem üçün presedentə çevrilmə riski daşıyır.

Beynəlxalq hüququn ikili tətbiqi

Beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyünü qorumağa yönəlmiş bir çox əsas prinsipi özündə cəmləyir. Hər bir dövlətin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsiplərindən biridir. Ancaq Avropanın və bəzi beynəlxalq güclərin vaxtilə Ermənistanın işğal etdiyi ərazilərlə bağlı sərgilədiyi passiv və ikili yanaşma beynəlxalq hüququn özünün bu prinsipləri ilə ziddiyyətə girdiyini göstərdi. İkili standartlar siyasəti beynəlxaq hüquqla məşğul olan mütəxəssislərdə çox böyük siyasi və etik suallar doğurur: nə üçün bu gün Rusiya aktivlərinin dondurulmasından ağız dolusu danışan siyasətçilər Ermənistanın aktivlərinin dondurulmasından danışmırdılar? Məgər Ermənistan da təcavüzkar deyildimi?  Nə üçün bəzi təcavüzkar dövlətlərə qarşı daha sərt tədbirlər görülür, digərləri isə sülh və diplomatiya adı altında himayə olunur? Bu, beynəlxalq hüququn və ədalətin düzgün tətbiqinə qarşı bir təhdiddir. Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün real addımlar atılmadı, Ermənistana qarşı heç bir ciddi beynəlxalq təzyiq və ya sanksiya tətbiq edilmədi. Bu kimi hallar əsasən geosiyasi maraqlar, iqtisadi əlaqələr, erməni lobbisinin təsiri və beynəlxalq hüququn ikili tətbiqi ilə izah oluna bilər. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərini çox böyük vəsait xərcləməklə bərpa edir. Bu vəsait ölkəmizə Ermənistanın xaricdəki aktivlərinin hesabına gəlməliydi, lakin Avropanın ikili standartları bunun qarşısını alır. Avropa siyasi və strateji üstünlüklərini qorumaq üçün dövlətlərə qarşı fərqli siyasət sərgiləyir, bu isə bəzən beynəlxalq hüququn və ədalətin tələblərini təmin etməyi çətinləşdirir.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Seçilən
47
yeniazerbaycan.com

1Mənbələr