ABŞ Müdafiə Nazirliyi Nigeriyanın şimal-qərbində islamçılara endirilən zərbələrlə bağlı açıqlamasını redaktə edərək yerli hakimiyyətin müraciəti barədə ifadəni çıxarıb...
Poliqon xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Nigeriyanın şimal-qərbində İŞİD-ə qarşı endirilən zərbələr barədə X sosial şəbəkəsində dərc etdiyi paylaşımı dəyişib. "RIA Novosti" Agentliyinin məlumatına görə, Pentaqon ilkin açıqlamadan hücumların Nigeriya hakimiyyətinin xahişi ilə həyata keçirildiyi barədə məlumatı çıxarıb.
Məlumata görə, ilkin bəyanatda ABŞ ordusunun zərbələri Nigeriya rəsmilərinin müraciəti əsasında endirdiyi bildirilirdi. Lakin təxminən bir saat sonra ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı bu mətni silərək yenilənmiş paylaşım dərc edib. Yeni açıqlamada yalnız terrorçulara qarşı əməliyyatın Nigeriya hakimiyyəti ilə koordinasiya şəraitində aparıldığı qeyd olunub.
Bundan əlavə, Pentaqonun ilkin paylaşımında zərbələrin endirildiyi Nigeriya ştatının adı da səhv göstərilib. Mətndə "Soboto ştatı" ifadəsi yer alıb. Halbuki ştatın düzgün adı Sokotodur.
Xatırladılır ki, bir ay əvvəl ABŞ prezidenti Donald Tramp Pentaqona Nigeriyada fəaliyyət göstərən islamçı qruplaşmalara qarşı fəaliyyət planı hazırlamağı tapşırmışdı. Tramp bildirmişdi ki, ABŞ bu ölkəyə “tam silahlanmış şəkildə daxil olaraq” xristianlara hücum edən islamçı terrorçuları tamamilə məhv edə bilər.
Qeyd edək ki, Nigeriya əhalisi təxminən bərabər şəkildə xristianlar və müsəlmanlar arasında bölünüb. Dini zəmində qarşıdurmalar ötən əsrin 50-ci illərindən bəri davam edir. Ölkədə ən böyük ekstremist qruplaşma hesab olunan “Boko Haram” (Rusiya Federasiyasında qadağan edilib, qismən İŞİD-lə əlaqəli terrorçu təşkilat) xristian kilsələrinə və polis məntəqələrinə hücumlar həyata keçirir, ölkənin şimalında islam dövləti yaradılmasını tələb edir.
Poliqon.info