Britaniyalı fəal Tramp administrasiyasını məhkəməyə VERİB
Ajans.az The Guardian qəzetinə istinadən xəbər verir ki,Böyük Britaniyanın Baş naziri Keir Starmerə yaxın şəxs kimi tanınan İmran Əhməd söz azadlığı ilə bağlı qalmaqal fonunda ABŞ-dan çıxarıla biləcəyi barədə xəbərdarlıq aldıqdan sonra məhkəməyə müraciət edib. Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) icraçı direktoru olan Əhməd iddiasını ABŞ Dövlət katibi Marko Rubio, Baş prokuror Pam Bondi və Trampın digər yüksəkvəzifəli müttəfiqlərinə qarşı qaldırıb. Onun sözlərinə görə, məqsəd konstitusiyaya zidd saxlanılma və vəzifədən uzaqlaşdırma riskinin qarşısını almaqdır. Nyu-Yorkun Cənub Dairə Məhkəməsinə təqdim edilən iddiada qeyd olunur ki, Əhməd və rəhbərlik etdiyi təşkilat Birinci Düzəlişlə təmin olunan hüquqlarını həyata keçirdiklərinə görə hədəfə alınıb. İddiaya əsasən, CCDH Elon Maskın sahibi olduğu X platforması da daxil olmaqla sosial media şirkətlərini araşdırdığı üçün təzyiqlərlə üzləşib. Əhməd həmçinin bildirir ki, onun saxlanılması və deportasiyası üçün heç bir hüquqi əsas yoxdur. O, Vaşinqtonda – Kolumbiya dairəsində amerikalı həyat yoldaşı və övladı ilə qanuni şəkildə yaşayır. Bundan əlavə, Əhməd ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Morqan MakSvini ilə şəxsi tanışlıq əlaqələrinin olduğunu da qeyd edib. Xatırladaq ki, CCDH əvvəllər Elon Maskın platformanı əldə etməsindən sonra X sosial şəbəkəsində irqçi, antisemit və ekstremist məzmunun artması ilə bağlı dərc etdiyi hesabatlara görə tənqid və təzyiqlərlə üzləşmişdi. Keçən il Mask təşkilatı “cinayətkar qurum” adlandırmış, bundan əvvəl isə onu məhkəməyə verməyə cəhd etsə də, bu təşəbbüs uğursuz olmuşdu. Qeyd edək ki, İmran Əhməd ötən həftə ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə düşən beş avropalı fəaldan biridir. Onlar texnologiya şirkətlərinə ABŞ-da müəyyən baxışların senzura edilməsi və ya məhdudlaşdırılması üçün təzyiq göstərmək cəhdlərində ittiham olunurlar.