AZ

İlham Qasımova: Rihannanın mahnısı olmasaydı, Almaniyada mənim uğurum daha böyük ola bilərdi - MÜSAHİBƏ

Müğənni İlhamə Qasımovanın APA-ya müsahibəsi

Uzun illər – təxminən 8–10 il işləməyə fasilə vermişdim

- Bir az əvvəl bizi Azərbaycan Dövlət Mahnı Teatrı ilə tanış edərkən sizdə bu məkana qarşı xüsusi bir doğmalıq duydum.

- Bəli, elədir. Məsələ ondadır ki, tanıdığımız, öyrəşdiyimiz mədəni mühit artıq əvvəlki kimi deyil. Vaxtilə müxtəlif mədəniyyət mərkəzləri, klublar, yaradıcılıq evləri fəaliyyət göstərirdi. Orada uşaqlar məşğul olur, sənətlə təmasda qalırdılar. Bu məkanların yenidən bərpa olunması çox müsbət addımdır, amma onların sonradan kompaktlaşdırılması, fəaliyyət dairəsinin daraldılması nəticəsində onlara maraq azaldı. Musiqi əvvəlki dayağını itirdi, valideynlər də artıq uşaqlarını ora göndərmədilər. Bu problem bizdə illərdir mövcuddur. Hətta bir zamanlar işlə təmin olunmaq üçün müraciət etdiyimdə, Mədəniyyət Nazirliyində mənə başqa yerlər də təklif olunmuşdu. Amma mən açıq şəkildə demişdim ki, yalnız Mahnı Teatrında yer varsa, işləyə bilərəm, əks halda başqa yer istəmirəm. Bunun da səbəbi var: insan çalışdığı mühitdə özünü rahat hiss etməlidir. Kollektiv tanış olmalı, yaradıcılıq mühiti olmalıdır. Əsas məsələ insanın olduğu yerdə komfort tapmasıdır. Yoxsa söz-söhbət, gərginlik yaradıcılıqdan yayındırır.

Mən ümumiyyətlə, işləməyə həmişə ehtiyatla yanaşmışam. Uzun illər – təxminən 8–10 il işləməyə fasilə vermişdim. Sonradan yenidən dəvət olunanda da tərəddüd edirdim. Çünki rəhbərlik, kollektiv, teatr mühiti – bunların hamısı böyük təcrübə tələb edir. Mənim isə bu sahədə kifayət qədər praktiki təcrübəm yox idi. Amma sonra bura gəldim və gördüm ki, tamam başqadır.

Bəzən bir qəzəli saatlarla təkrar edirdim

- Bəs müəllimlik fəaliyyətinizi dayandırmağa səbəb nə oldu?

- Mən heç vaxt müəllim işləmək istəməmişəm. Mənim arzum beynəlxalq əlaqələrlə bağlı fakültəyə qəbul olmaq idi. Məktəbə də bir il tez getmişdim. Həmin vaxt birinci hansı ixtisası yazsan ona da qəbul olurdun. Mən də birinci filologiya yazmışdım.

Əgər müəllimlik peşəsini seçməli olsaydım, ya riyaziyyat, ya da fizika müəllimliyini seçərdim. Mən orta məktəbdə müəllim kimi çalışarkən Azərbaycan dili dərslərini götürürdüm, ədəbiyyatı yox. Çünki Azərbaycan dili mənim üçün daha çox yazı sistemi, qrammatika, sintaksis və dilin quruluşu deməkdir. Mən bu dərsləri də məhz bu istiqamətdə, daha praktik və anlaşılan şəkildə keçmək istəyirdim.

- Bəs ədəbiyyatla aranız necədir?

- Etiraf edim ki, poeziya mənim sevdiyim sahə deyil. Əzbərləməyi bacarmıram və bu, mənim üçün problem yaradıb. Qəzəlləri öyrənmək mənə çox çətin gəlirdi. Bəzən bir qəzəli saatlarla təkrar edirdim, ora-bura gəzir, yadda saxlamağa çalışırdım. Maraqlıdır ki, rus dilində vəziyyət tamam fərqli idi. Rusca mətnləri dərsin sonuna qədər rahat öyrənirdim, yeni mövzuları asanlıqla qavrayır, sərbəst danışa bilirdim. Amma Azərbaycan dilində bəzən o qədər çox terminlərdən və üstüörtülü ifadələrdən istifadə olunurdu ki, məna itib gedirdi.

Qəzəl xüsusi bir dünyadır və hər kəsə yaxın olmaya bilər. Mən bunu gizlətmirəm, açıq deyirəm: bu sahə ilə bağlı hələ də problemim var. Məsələn, görürsünüz ki, çoxları səhnəyə rahat çıxır. Mənim isə oxumaqda əsas çətinliyim səs deyil. Səsim çatmadıqda, onu texniki olaraq kompensasiya edə bilirəm, başqa formada ifa edirəm. Amma söz məsələsi məndə həmişə problem olub. Fikrim daim sözlərdə ilişib qalır. Oxuduğum mətn, qəzəl, ifadələr məni çox həyəcanlandırır. Mən əzbərçi deyiləm və bunu həmişə demişəm: əzbərləməyi bacarmıram.

Qarşımdakı adamın idarə rəisi olduğunu da bilmirdim

- Müasir şairlərdən kimi oxuyursunuz?

- Müasir şairlər arasında sevdiyim Nəriman Həsənzadə olub. Onu sevməyimin səbəbi şeirlərində səmimiyyətin olmasıdır.

- Siz deyəsən, bir müddət polis idarəsində də işləmisiniz. Orada işiniz nə olub?

- 2002-2004-cü illərdə Nəsimi Rayon Polis İdarəsində dəftərxana müdiri vəzifəsində işləmişəm. Universiteti bitirdikdən sonra bir müddət müəllim kimi fəaliyyət göstərdim. Daha sonra isə müəllimlikdən ayrıldım və Bakıda qaldığım üçün pul qazanmaq məqsədilə başqa işlərdə də çalışdım. Eyni zamanda, elmi işim üzərində işləyirdim. Amma açıq deyim, mənə verilən mövzu o qədər ağır idi ki, nəticədə onu yarımçıq saxladım.

Açığı, o vaxta qədər uzun müddət idi ki, işləmirdim. Bir rəfiqəm dedi ki, bir yerdə işçi axtarırlar, istəsən get bax. O vaxtlar rus filmlərində tez-tez “kanselyariya” sözünü eşidirdim, amma nə demək olduğunu tam bilmirdim. Gedəndə isə maraqlı vəziyyət yarandı: idarədə müsahibə oldu, amma mən qarşımdakı adamın idarə rəisi olduğunu bilmirdim.

Sonradan məlum oldu ki, həm razılıq verilib, həm də bütün sənədlərim yoxlanılıb.

Küçədə qalmamışam, kiməsə möhtac olmamışam

- Bildiyim qədər toylara da getmirsiniz. Maddi vəziyyətiniz necədir?

- Maddi baxımdan heç vaxt var-dövlət içində yaşamamışam. Heç vaxt böyük pullar qazanmamışam. Açığı, toylarda çıxış edib qazanc əldə edənlərdən də olmamışam. Amma şükür edirəm. Başımı soxmağa bir evim var. Küçədə qalmamışam, kiməsə möhtac olmamışam. Bu mənim üçün çox önəmlidir. Ən azından özümü dolandıra bilirəmsə, öz ehtiyaclarımı qarşılayıramsa, arada anamı və qardaşımın uşaqlarını kiçik də olsa, sevindirə bilirəmsə, buna görə Allaha şükür edirəm.

Mən heç vaxt var-dövlətin arxasınca kor-koranə qaçmamışam. Bəlkə də bu mənim səhvim olub. Amma azla kifayətlənməyi, sahib olduqlarımın qədrini bilməyi seçmişəm. Mən şükür etməyi bacarıram, amma istəklərim də var. Axı hər insan istəyər ki, daha yaxşı yaşasın, əlavə imkanı olsun, ehtiyaclarını rahat qarşılasın. Niyə istəməyəsən?

Sadəcə bir məsələ var: mən bilirəm ki, çox pulum olsa, onu yığıb saxlaya bilmərəm. Ona görə yox ki, israfçı və ya məsuliyyətsizəm. Əksinə, xəsis də deyiləm, amma bilirəm ki, imkanım artsa, onu başqaları üçün xərcləmək istəyərəm. Çünki insan ətrafında ehtiyacı olanları görəndə biganə qala bilmir. İndi də bacardığım qədər kömək edirəm.

- Lənkəran camaatı dinə yaxındır. Siz necə, dindar ailədə böyümüsünüz?

- Bizim ailə dindar olmayıb. Amma hər işə Allahın adı ilə başlayıblar. Mənim ailəmin də prinsipial yanaşması belədir. Xüsusilə, qız uşaqlarına böyük önəm verilir. Atam həmişə deyirdi ki, qız uşağını oxutmalısan. Əgər savadı yoxdursa, ona ən azından bir sənət öyrətmək lazımdır. Çünki oğlan sabah işləmək üçün müxtəlif imkanlar tapa bilər, fəhləlik, başqa işlər… Amma qız övladı əgər təhsil almasa və ya sənəti olmasa, həyatda tək qaldığında çətin vəziyyətə düşə bilər. Bizim ailədə bu prinsip həmişə olub: qız övladı ön plandadır.

Mənim iki qardaşım var. Böyük qardaşım maliyyə və texniki sahədə təhsilini bitirib, kiçik qardaşım da texniki sahədə oxuyub. Atam onları məcbur etmirdi, amma həmişə təhsil önəmli olub. Orta texniki təhsil alıblar. Amma mən ali təhsilliyəm.

Azərbaycan dilində oxuyuruqsa, sözlərin vurğusu mütləq yerində olmalıdır

- İki qardaşınız var. Kənd mühitində qız uşağının müğənni olmasına münasibət də birmənalı deyil. Buna qarşı çıxmadılar?

- Bizdə həmişə son sözü atam deyib. O vaxt mən ilk vaxtlar gizlin oxuyurdum. Sonra “Bakı–Paris” layihəsində iştirak edəndə müsabiqəyə getdik və çıxışımız televiziyada yayımlandı. Finalçı olduğumuz üçün bizə hədiyyə olaraq mahnının kasetini verdilər. O dövr üçün bu, çox böyük bir şey idi. Mən həmin kaseti evdə dinlətdim. Atam da qulaq asdı. Xarici mahnı idi. Atam bilmirdi mən oxuyuram. O, ümumiyyətlə hər şeyə qulaq asan idi. Əvvəl inanmadı, dedi, doğrudan o, oxuyur? Sonra yenidən dinlədi və dedi ki, oxuya bilirsə, oxusun. Bu söz mənim üçün yetərli oldu. 5 il sonra başqa müsabiqəyə qatılanda artıq ürək rahatlığı ilə iştirak edə bilmişdim. Artıq icazə verilmişdi. Qardaşlarım bunu heç vaxt problem etmədilər. Ümumiyyətlə, bizim ailə münasibətlərimiz belə olub. Bəlkə də mən 18–20 yaşımda oxumağa başlasaydım, buna etiraz edənlər olardı. Amma mən artıq 25 yaşdan sonra oxumağa başlayanda ailə də başa düşürdü ki, mən həyatı görmüşəm, nə istədiyimi bilirəm, atdığım addımların məsuliyyətini dərk edirəm. Ona görə də qardaşlarımla bu mövzuda heç bir problemim olmadı. Onlar mənə güvəndilər və seçimlərimə hörmətlə yanaşdılar.

- “Çalışıram içində “hicran”, “vüsal” olan musiqilər ifa etməyim”, - demisiniz. Səbəb nədir?

- Baxın, mən burada pop musiqisindən, daha dəqiq desəm, Azərbaycan pop musiqisindən danışıram. Mən bunu əvvəllər də demişəm. Bizdə bəzən xarici pop musiqisinin formatı birbaşa götürülüb Azərbaycan dilinə tətbiq edilir. Amma bu yanaşma hər zaman uğurlu olmur. Niyə? Çünki Azərbaycan dilinin öz fonetik quruluşu var. Dilimizdə incə səslər, vurğu qaydaları var və bunları nəzərə almadan oxuyanda ifa süni səslənir. Bəzən xarici mahnının fonetik modelini Azərbaycan dilinə uyğunlaşdırmaq üçün sözləri “qalınlaşdırırlar”, amma nəticədə səs kobud çıxır, dilin estetikası itir. Musiqidə səsin gözəlliyi təkcə melodiyada deyil, həm də dilin düzgün istifadəsindədir. Azərbaycan dilində oxuyuruqsa, sözlərin vurğusu mütləq yerində olmalıdır. “Məni”, “səni” kimi sözləri düzgün vurğusuz oxumaq olmaz. Mən şəxsən bu cür yanaşmanın tərəfdarı deyiləm. Məsələn, “hicran”, “vüsal” kimi sözlər illərlə yazılıb-oxunub. Bu sözlər klassik poeziyada yerindədir, amma bugünkü gənc dinləyici üçün artıq bir az yad səslənir. Bu gün hansı gənc “hicran” və ya “vüsal” sözlərini istifadə edir? Bu anlayışlar əvvəllər daha dərin, daha fərqli məna daşıyırdı. Maraqlıdır ki, 5–10 il əvvəl insanlar “Səni sevirəm” deməyə çəkinirdilər, əvəzində “Səni çox istəyirəm” deyirdilər. İndi bu sözü gənclər yenidən üzə çıxarıblar.

Pop janrında oxuyuruqsa, sözlər də buna uyğun olmalıdır. Mən heç vaxt sadəcə “kul səslənsin” deyə xarici sözləri məcburən mahnıya salmağın tərəfdarı olmamışam. Amma bəzən elə anlayışlar olur ki, Azərbaycan dilində birbaşa qarşılığı tapılmır və yenilik yaratmaq üçün fərqli ifadə formalarına ehtiyac yaranır. Ayrı-ayrı hallarda xarici söz işlətmək olar, amma bu, musiqinin mahiyyətini dəyişmək demək deyil. Bu gün bəzən elə hallar olur ki, Azərbaycan musiqi ladı tamamilə dəyişdirilir və nəticədə nə olduğunu anlamaq çətinləşir.

Sırf öz ifamdan, öz pop musiqi üslubumdan danışıramsa, mən daha çox sadəliyə üstünlük verirəm. Bu gün bizim pop musiqidə elə mahnılara ehtiyac var ki, sözləri sadə olsun, amma eyni zamanda gözəl və təsirli səslənsin. Elə sözlər olsun ki, insan mahnını iki-üç dəfə dinləyəndən sonra artıq yadda saxlasın.

- Bəzi ifaçılar da dinləyicilər başa düşsün deyə sözü çox bəsitləşdirirlər. Balansı saxlamaq lazım deyil?

- Qabaqlar hansı evə gedirdin, görürdün camaat İsrail Məmmədov, Qədir Qızılsəs, Balaoğlan Əşrəfov kimi sənətçiləri dinləyir. Toylarda oxuyanlar, tələb olunanlar da onlar idi. Onların kasetləri satılırdı və hamı alıb dinləyirdi. Halbuki həmən musiqiçilərə efir qadağası vardı. Televiziyada başqa tip sənətçilər oxuyurdular, onların kasetlərini isə alanlar az idi. Yəni elə sənətçilər var idi ki, onları televiziyada tez-tez görmək mümkün olmurdu. Bu gün isə vəziyyət tamam qarışıqdır.

Bu gün bir çox mahnılar unudulub. İnsanlar daha çox klassik mahnıları xatırlayır və tanıyır. Məsələn, Tofiq Quliyevin mahnıları hələ də sevilir və dinlənilir. Çünki mahnı doğrudan da gözəldirsə, o 100 il də yaşayacaq, 200 il də. Vaxt keçdikcə xalq mahnısına çevriləcək.

- Şou-biznesin “qızıl dövrü” adlandıra biləcəyiniz dövr var?

- Mən 2000-ci illəri Azərbaycan şou-biznesinin “qızıl dövrü” adlandırardım. O dövrdə hər şey çox maraqlı idi: hamı klip çəkirdi, hamı toylarda, tədbirlərdə ifa edirdi. Hətta efirlərdə də sırf estrada janrında özünəməxsus Azərbaycan pop musiqisi yaranmışdı. Gövhər Həsənzadə, Vaqif Gərayzadə kimi bəstəkarlar bu sahəni formalaşdırırdılar. 90-cı illərdə Eldar Mansurov kimi sənətçilərin sayəsində pop musiqi daim yenilənirdi. Amma birdən-birə hər şey dəyişdi: əvvəlki ritmlər yerini fərqli, təkrarlanan türk ritmlərinə verdi.

Mən xalq musiqimizi, rəqs musiqimizi çox sevirəm. Toylarda dəfələrlə olmuşam və həmişə xalq mahnıları ilə rəqs etmişəm. Heç vaxt estrada, pop mahnıları ilə rəqs etməmişəm. Mən ancaq xalq mahnılarının ritmlərinə uyğun ayağımı qaldırıb, əl hərəkətlərini istifadə edərək, musiqini hiss edərək rəqs edirəm. Amma indi durursan rəqs etməyə, iki sətirdən sonra mahnı dəyişir. Bu düzgün deyil. Təəssüf olsun ki, bizim xalq mahnılarımız artıq kölgədə qalır.

Zamanla meyxana ifa edənlər daha çox kommersiya xarakteri daşımağa başladı

- Son vaxtlar sanki meyxana və meyxanaçı sözləri də müğənnilərin ifalarına ayaq açdı.

- Məsələnin kommersiya tərəfi maraqlı ola bilər və bunu daha çox izləyici cəlb etmək üçün edirlər. Ona görə bəzi ifaçılar buna müraciət edirlər. Amma onu toplumlaşdırmaq, sistemləşdirmək başqa bir məsələdir. Azərbaycan meyxanası da əslində xalq mədəniyyətindən doğub. Əvvəllər aşıqlar bir-birilərinə şeir deyib işarə edirdilər, zamanla isə meyxana formalaşıb. Hər bir ifaçı meyxananı özünəməxsus şəkildə təqdim edir və bu çox maraqlıdır. Məsələn, Namiq Qaraçuxurlu meyxananı mahnı kimi oxudu və bu çox maraqlı oldu. Mən şəxsən onun ifasını dinləyirdim, çünki o öz ampluasından çıxmırdı - melodiyanı və ritmi qoruyurdu.

Amma zamanla meyxana ifa edənlər daha çox kommersiyaya çox meyilləndirlər. Bir dənə mahnı ilə reklam qazandıqdan sonra, artıq ifaçı öz mahnılarını və tərzini formalaşdırmalıdır.

- Efirlərdə çox az görünürsünüz. Öz istəyinizdir, yoxsa dəvət olmur?

- Mənim qalmaqaldan xoşum gəlmir. Təəssüf ki, bugünkü gün əvvəlki kimi deyil. İndi heç kim səndən razı qalmır. Heç vaxt heç kimdən tam razılıq ala bilməzsən. Kasıb olursan tənqid edirlər, varlı olursan tənqid edirlər. Tənqid ola bilər, amma bu gün sosial medianın davranışı ayrı bir məsələdir. Məsələn, televiziyada və sosial mediada insanlar səhifələr açır, reytinqləri artırır və hər hansı bir sözlə səni tənqid edirlər. Mən də görürəm ki, ailəmə, anam və qohumlarıma belə təhqir sözləri yazırlar. İnsanların əqidəsinə, nəslinə, həyatına toxunan sözlər yayırlar. Əgər mən bu gün belə şeylərə qarşı qanunla davransam, deyəcəklər ki, niyə belə edirsiniz?

Amma biz bu mədəniyyətin sahibləri deyilik axı. Azərbaycan xalqı həmişə öz mədəniyyəti və dəyərləri ilə seçilən bir xalq olub. Biz də həmin ənənənin davamçısıyıq. Elə olub ki, mənə hətta skrin edib göndəriblər ki, bax gör sənin barəndə nə yazılıb, bax gör kimdir yazan? Hər şey bir yana, başqa mövzulara girmək istəmirəm. Mən belə şeylərə görə heç vaxt qorxan adam olmamışam. Qalmaqal da axtarmıram. Fikrim varsa, onu açıq demişəm. Heç vaxt da nəyisə gizlətməmişəm. Ola bilər ki, hansısa mövzuda susmuşam. Bu o deməkdir ki, onu deməyi lazım bilməmişəm. Bu, mənim şəxsi həyatımdır. Mən heç vaxt kiminsə həyatına qarışmamışam, deməmişəm ki, o pisdir, onun əqidəsi belədir, mən isə yaxşıyam. Xeyr. Bu dünyada günahsız insan yoxdur. Hər kəsin öz səhvi var.

Mən orada Şərq boğazları ilə ifa etdim və çox bəyəndilər

- Bir neçə il Almaniyada olmusunuz, oradakı mühit necə idi?

- Ümumiyyətlə, mən “X-Factor”a təsadüfən qatılmışdım. Orada müsabiqə mərhələsində bəzi çətinliklər yaşadım. Məsələn, bir jüri üzvü mənə dedi: “Niyə ingiliscə danışırsan? Burada almanca bilmək vacibdir”. Mən isə cavab verdim ki, üç mərhələ keçmişəm, amma siz mənə bu qaydanı indi deyirsiniz.

Orada mən bir menecer ilə tanış oldum. O, Almaniyada yaşayan ukraynalı prodüser idi və Azərbaycandan gələnlər üçün konsertlərin təşkili işləri ilə məşğul idi. Mənim səsimi dinlədilər və dedilər ki, biz sizə xəbər edəcəyik. Sonra təxminən iki ay ötdü və mənə yazdılar ki, gəl.

Səsim prodüser tərəfindən çox bəyənildi, amma mən proyektlərim səbəbindən dərhal gedə bilmədim. Amma mənim yaşım artıq o vaxt 17-18 deyildi, 30-a yaxın idi. Mən orada Şərq boğazları ilə ifa etdim və çox bəyəndilər. Mənim üçün orada çalışmaq çox maraqlı idi. Orada oxumaqdan başqa heç nə haqqında düşünmürdüm. Sonra dedim nə vaxta qədər tək yaşayacam. Yavaş-yavaş get-gəllər başladı.

Həm də çox güclü rəqabət var idi. Məsələn, mənim mahnım o vaxt Rihannanın və Ceylonun mahnıları ilə eyni vaxtda yayımlandı. Əgər o mahnılar olmasaydı, mənim mahnımın uğuru daha böyük ola bilərdi.

Düşünün, çox maraqlı bir təcrübə idi. Buna baxmayaraq, 4 həftə boyunca Almaniyada “Top 10”-da qaldım. Daha sonra Avropada tur konsertləri keçirdim. Almaniyanın bir şəhərində, Avstriyanın iki şəhərində və Berlində konsertlərimiz oldu. Bu tur konsertlərimiz həmin uğurumuzun nəticəsi idi.

- Sizin ölkə xaricində verdiyiniz konsertlərin sayı Azərbaycandakından çoxdur. Səbəb?

- Mən orada konsertləri təşkil etməmişəm və öz cibimdən heç nə xərcləməmişəm. Konsert təşkilatçısı şirkətimizdə bu işi həyata keçirirdi. Mənim vəzifəm yalnız oxumaq və konsertə hazırlaşmaq idi. Azərbaycanda konsert verəndə isə pulu özüm qoymalıyam. Əvvəllər sponsorlar vasitəsilə konsertlər olurdu, amma mən konsertimə DJ-ləri, musiqiçiləri, rəqqasları dəvət etmək istəyirəm. Maraqlı ssenarisi və rəqsləri olan bu konsertlər üçün böyük hazırlıq tələb olunur. Bəzilərinə bu asan gəlir. Mən efirlərə çıxanda da sual verirlər ki, filankəs konsert verir, sən niyə vermirsən? Mən bilirəm ki, ən sadə bir konsert üçün, Azərbaycanda yerli rəqqaslar, texniki heyət və digər hazırlıqlar nəzərə alınsa, təxminən 150 min manat büdcə lazımdır. Mənim hazırda o qədər pulum yoxdur və olsa belə mən bunu konsertə xərcləmərəm. Çünki bu gün mənim çox problemim var. Əslində sual edirəm: belə bir konsert mənə nə verəcək? Mən nə əldə edəcəyəm? Konsertdən kim pul qazana bilir? Məncə, bu gün tək-tük müğənnilər var ki, konsertlərdən real qazanc əldə edə bilirlər. Amma bunu da iddia etmək doğru olmaz, çünki konsertlərin xərcləri çox yüksəkdir. Üç-dörd gün konsert verən müğənnilər var; birinci gün bütün xərcləri ödəyirlər, ikinci və üçüncü günlərdə isə artıq gəlir qalır. Bunu edə bilən də çox azdır. Mən tanıdığım bütün müğənnilər hələ də verdikləri konsertlərin xərclərini ödəyirlər. Toylardan qazanmaq olur. Mən toy musiqisinə qarşı deyiləm, sadəcə toylar mənim əsas fəaliyyətim deyil. Toylarda iştirak edəndə isə, məsələn, ayda bir dəfə və ya dövlət tədbirlərində, korporativ tədbirlərdə çıxış etsəm, əlavə gəlirim olur.

- Bir vaxtlar “Avroviziya”ya qatılmısınız. Orda olan seçimlərlə bağlı, mühitlə bağlı nə deyə bilərsiniz?

- Həmin vaxt yarışma tamamilə fərqli bir formatda keçirilirdi. Orada hər şey açıq şəkildə olurdu: seçim turunda kim daha yaxşı ifa edirsə, o mərhələdən irəli gedirdi. Yəni nəticə tamamilə musiqi keyfiyyətinə və ifaçının bacarığına bağlı idi. Amma indi vəziyyət tamamilə dəyişib. Bu yarışma artıq təkcə musiqi ilə bağlı deyil, daha çox siyasi amillər və strategiyalarla formalaşır. Hansı ölkədə hansı problemlər varsa, qonşu ölkələr bir-birinə səs verirlər, nəticədə ən yaxşı ifaçı hər zaman qalib olmur. Bu, musiqi baxımından çox ədalətsiz görünür, çünki ifaçının günahı yoxdur – onun işi yalnız mahnını yüksək səviyyədə ifa etməkdir, amma səsvermə və nəticə artıq musiqi ilə bağlı olmur.

Mən uşaqlıqdan “Avroviziya”nı çox sevmişəm və hər il səbirsizliklə izləyirdim. Hətta elə bilirdim ki, yarışma yalnız İrlandiyada keçirilir, çünki həmin illərdə İrlandiya dəfələrlə qalib gəlmişdi.

Amma indi, orda oturub səs verirlər ki, bu il bu ölkədə keçirilsin, ya yox. Çox zaman orada qalib olmayıb qayıdan ifaçılar qınanılır, amma bu onların günahı deyil.

Çox istedadlı insanların başqaları kimi xoşbəxt ailəsi olmur

- Gözləyirdinizmi ki, Prezident və xanımı Qarabağ səfəri zamanı sizin mahnınıza qulaq asdıqdan sonra fəxri ada layiq görüləcəksiniz?

- Həmin videonu mən gecə saat 11-də gördüm. Hamı mənə yazmışdı, hətta qardaşım da. Sonra mahnımı videoda eşitdim və mənə nə baş verdiyi çatdı. Bu mənim üçün sevindirici hal idi. Heç bir adın verilməsini də gözləmirdim. Çünki heç bir fövqəladə bir iş etməmişdim. Əksinə bunun özü mənim üçün qürurverici idi. O hadisə indi baş versəydi, bəlkə hansısa gözləntim olardı, amma artıq fəxri adlar ləğv olunub. Mən elə bilirəm.

- 17 yaşında ailə qurmusunuz. Bu, öz istəyiniz olub?

- Bunu mən istəmədim, bunu toplum istədi. Bir insanın adı çıxınca canı çıxsa yaxşıdır. Adım çıxdı və kim görsə valideynlərimi təbrik edirdi. Amma əslində, bir il boyunca biz söz-söhbət içində olduq. Sonra da bu oldu. Belə söz-söhbətlə başlayan işin də sonu olmur. İndi belə deyil. İndi gənclərin istəkləri fərqlidir. Məsələn, bəzi gənc qızlar var ki, məktəbi bitirəndən sonra 16-17 yaşında evlənmək istəyirlər. Çünki onlar oxumaqdan çox, ana olmaq, yaxşı bir ailə qurmaq istəyirlər. Mən buna pis baxmıram. İnsan öz istədiyi həyatı qurursa, deməli, o xoşbəxtdir. Çox zəkalı olub çox düşünmək də qadına xoşbəxtlik gətirmir. Kaş ki, düşüncələrim, dünya görüşüm az olaydı, amma mən xoşbəxt olardım. Çox istedadlı insanların başqaları kimi xoşbəxt ailəsi olmur. Heç kim tək olmamalıdır. Ailə quranda isə elə bir insanla ailə qurmaq lazımdır ki, səninlə birlikdə düşünə bilsin. İlk növbədə inam olmalıdır. Səninlə eyni düşüncədə olan adamı tapmaq çətindir. Elə biri olsa niyə tək qalasan ki?

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Seçilən
53
6
apa.az

7Mənbələr