AZ

BMU-da şəhərdaxili nəqliyyatın aktual problemlərinə həsr olunmuş seminar - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mütəxəssislərinin iştirakı ilə “Şəhərdaxili nəqliyyat strukturlarının aktual problemləri” mövzusunda seminar təşkil olunub.

Modern.az xəbər verir ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin müəllim və tələbələri üçün keçirilən seminarın açılışında universitetin rektoru Yaqub Piriyev çıxış edərək Prezident İlham Əliyevin “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqi ilə bağlı Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor bu proqramın şəhər nəqliyyatının dayanıqlı inkişafına, müasir şəhərsalma prinsiplərinin tətbiqinə və vətəndaşların rahat hərəkətinin təmin olunmasına xidmət etdiyini deyib. Həmçinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını qeyd edən Yaqub Piriyev bu çərçivədə həyata keçiriləcək tədbirlərin memarlıq və şəhərsalma sahəsində aparılan islahatlara əlavə impuls verəcəyinə, qarşıdakı dövrdə bu istiqamətdə fəaliyyətlərin daha sistemli xarakter alacağına əminliyini bildirib.

Seminarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin əməkdaşı Rauf Səfərov “Şəhər nəqliyyatının transformasiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda inteqrasiya olunmuş nəqliyyat sistemlərinin qurulması, hərəkət cədvəllərinin optimallaşdırılması, vahid ödəniş (kart) sisteminin tətbiqi və bu tədbirlərin nəqliyyat sıxlığının azaldılmasındakı rolu barədə ətraflı məlumat verilib. Məruzəçi şəhər nəqliyyatının transformasiyası sahəsində 20-dən artıq ölkənin təcrübəsinin araşdırıldığını qeyd edərək, Çinin Pekin şəhərinin nümunəsi əsasında konkret yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan dövlət proqramı çərçivəsində planlaşdırılan tədbirlərdən bəhs olunub. Piyadayönümlü nəqliyyat siyasəti, tıxacların azaldılması, nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və bəzi küçələrin piyadaların istifadəsinə verilməsi kimi layihələr xüsusi vurğulanıb.

Sonra AYNA-nın əməkdaşı Mirhəmid Bağırov qurum tərəfindən həyata keçirilən mikromobillik infrastrukturu layihələri, dayanacaq pavilyonlarının qurulması, yol nişanlarının yenilənməsi, nəqliyyat qovşaqları, yol hərəkətinin təşkili və ekspress marşrutlar istiqamətində görülən işlər barədə məlumat verib.

İnteraktiv müzakirələrlə davam edən seminarda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb, praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması, habelə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıqlar çərçivəsində bu istiqamət üzrə ali təhsil müəssisələrində silsilə tədbirlərin təşkili davam etdiriləcək.

BMU-da şəhərdaxili nəqliyyatın aktual problemlərinə həsr olunmuş seminar - FOTOLAR

BMU-da şəhərdaxili nəqliyyatın aktual problemlərinə həsr olunmuş seminar - FOTOLAR

BMU-da şəhərdaxili nəqliyyatın aktual problemlərinə həsr olunmuş seminar - FOTOLAR

BMU-da şəhərdaxili nəqliyyatın aktual problemlərinə həsr olunmuş seminar - FOTOLAR

BMU-da şəhərdaxili nəqliyyatın aktual problemlərinə həsr olunmuş seminar - FOTOLAR

BMU-da şəhərdaxili nəqliyyatın aktual problemlərinə həsr olunmuş seminar - FOTOLAR

Seçilən
29
3
modern.az

4Mənbələr