AZ

Allergik reaksiyalar, dəri problemləri, sonsuzluq... - Rənglənən “kənd toyuqları” ciddi xəstəliklər yaradır – AÇIQLAMA

“Mənşəyi məlum olmayan, rəngləndirici və kimyəvi qatqılarla hazırlanmış toyuqların “kənd toyuğu” adı ilə satılması ilə bağlı son zamanlar narahatedici xəbərlər yayılıb. İnsanlar belə vəziyyətdə aciz qalıb nə alacağını bilmirlər. Görünüş baxımından sağlam görünsə də, tərkibində olan rəngləndiricilər, eyni zamanda hormonlar, antibiotiklər və ya toyuq ətinin süni şəkildə şişirdilməsi üçün vurulan maddələr sağlamlıq üçün xeyirli deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında dietoloq Elvira Şahinovna bildirib.

 

Onun sözlərinə görə, bu növ toyuq ətləri insan orqanizmdə bir sıra ciddi xəstəliklər yarada bilər: “Bu cür toyuq məhsulları bağırsaq pozğunluqları, allergik reaksiyalar, dəri problemləri, hətta uşaqlarda hormonal dəyişikliklər yarada bilər. Sonsuzluğun belə səbəblərindən biridir. Bu, hamilə qadınlarda, xroniki xəstəliyi olan hər insanda böyük risk daşıyıcısıdır və mövcud sağlamlıq problemlərinin ağırlaşmasına səbəb ola bilər. Vətəndaşlara tövsiyə edirəm ki, toyuqdan qida kimi istifadə etmək istəyirlərsə, torpaqla təmasda olan, açıq mühitdə gəzən, öz təbii qidasını tapan kənd toyuqlarından istifadə etsinlər. Belə bir şərait yoxdursa, o zaman sertifikatlaşdırılmış fabrik istehsalı olan toyuqlardan istifadə etmələri daha təhlükəsizdir. “Kənd toyuğu” adı ilə satılan, mənşəyi və saxlanma şəraiti məlum olmayan toyuqlara üstünlük verilməməlidir. Ən əsası isə insanlar öz sağlamlığını kor təbii olaraq təhlükə altına atmasınlar”.

 

Xatırlatma: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların rənglənməsi halları da aşkarlanıb.

 

Şəhanə Quliyeva

Tarix: 26 Dekabr 2025, 11:25   
Seçilən
40
pravda.az

1Mənbələr