AZ

Mədrəsələrdən müasir universitetlərə uzanan yol

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın təhsil tarixi ölkənin milli kimliyinin və elmi inkişafının ən vacib sütunlarından biri olub. Bu yol yalnız kitab və dərsliklərdən ibarət olmayıb, xalqın düşüncəsini, dünyagörüşünü və milli şüurunu formalaşdırıb. Mədrəsələrdən başlayaraq Cümhuriyyət dövründə çiçək açmış təhsil, sovet dövründə ideoloji məhdudiyyətlərə düçar olmuş, müasir dövrdə isə universitetlər və texnologiyalarla yenidən canlanmağa çalışır.

Mədrəsələr - ilk təhsil mərkəzləri

Orta əsrlərdə Azərbaycanda mədrəsələr təkcə dini təhsil müəssisəsi deyildi. Onlar, həm də elmi düşüncənin formalaşdığı mərkəzlər idi. Burada Quran, fiqh ilə yanaşı, riyaziyyat, astronomiya, tibb, məntiq və ədəbiyyat kimi fənlər tədris olunurdu. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsirəddin Tusi kimi böyük alimlər məhz bu mühitdə yetişmişdi. Lakin mədrəsələr geniş kütlələr üçün əlçatan deyildi və savadlılıq hələ cəmiyyətin hər təbəqəsinə yayılmamışdı.

XIX əsrdə Rusiya İmperiyasının tərkibinə daxil olunandan sonra dünyəvi məktəblər fəaliyyətə başladı. Bu məktəblərdə riyaziyyat, tarix, coğrafiya və rus dili tədris olunurdu, amma məktəblər əhalinin kiçik bir hissəsinə xidmət edirdi və maarifçilik hələ də geniş yayılmamışdı.

Milli təhsilin çiçəklənmə dövrü

1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yarananda təhsil sahəsində əsl inqilab baş verdi. Dövlət dili Azərbaycan dili elan olundu, təhsil milliləşdi, 1919-cu ildə Bakı Dövlət Universiteti açıldı. Bu universitet milli ali təhsilin mərkəzi oldu və gənclərə öz vətənində təhsil alma imkanı yaratdı.

Bu dövrün maarifçiləri təhsilin inkişafında böyük rol oynadılar. Həsən bəy Zərdabi “Əkinçi” qəzeti vasitəsilə maarifçiliyi kəndlilərə çatdırır, onların təhsil alma həvəsini artırırdı.

Firidun bəy Köçərli milli kurikulumlar və dərsliklərin hazırlanmasında öncül rol oynayırdı. Onun təşəbbüsü ilə milli dil və ədəbiyyat fənləri məktəblərdə öyrədildi. Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli və digər ziyalılar isə milli təhsil ideyalarını yayır, gənclərin inkişafına təkan verirdilər.

Cümhuriyyət dövrü qısa, amma intensiv inkişafla yadda qaldı. Qızların təhsilə cəlb olunması, müəllim hazırlığının təşkili və milli kurikulumların yaradılması təhsilin çiçək açdığı dövr kimi tarixdə yer aldı.

Sovet təhsili və məhdudiyyətlər

Sovet hakimiyyəti Azərbaycan təhsilini sistemləşdirdi, amma milli təhsil ciddi məhdudiyyətlərə düçar oldu. Təhsil ideoloji çərçivəyə bağlandı, milli tarix və mədəniyyət məsələləri arxa plana keçirildi.

Ali məktəblər və orta ixtisas təhsili müəssisələri açıldı, amma sovet siyasəti yaradıcılığı boğdu və milli elmi məktəblərin inkişafını əngəllədi. Savadsızlığın ləğvi və məktəb şəbəkəsinin genişlənməsi texniki uğur olsa da, təhsil məzmunu ideologiyaya tabe idi və dünya elmi ilə əlaqələr məhdudlaşdırılmışdı. Nəticədə, Sovet dövrü Azərbaycan təhsilini milli kimlikdən uzaqlaşdıran, yaradıcılığı məhdudlaşdıran bir mərhələ oldu.

Təhsil yeni inkişaf mərhələsində

Ötən əsrin 70-ci illərindən başlayaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi.

1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.

Ümummilli Liderin rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.

Bu gün Azərbaycanda müasir universitetlər, liseylər və innovativ məktəblər fəaliyyət göstərir. Ali təhsil müəssisələri beynəlxalq reytinqlərə daxil olmağa, xarici universitetlərlə əməkdaşlığı genişləndirməyə çalışırlar. Peşə təhsilinin bərpası və əmək bazarının tələblərinə uyğunlaşdırılması da təhsil siyasətinin əsas istiqamətlərindən biridir.

Ekspertlər hesab edirlər ki, distant təhsilin zəif tətbiqi, rəqəmsal platformaların yetkin olmaması və təhsil strategiyalarının tam icra olunmaması problemləri hələ də qalmaqdadır.

Müasir təhsil tarixinin təhlilinə ehtiyac var

Mövzu ilə bağlı təhsil eksperti, dosent İlham Əhmədov deyir ki, Azərbaycan təhsili sovet dönəmində və ondan əvvəl kifayət qədər işlənib: “Lakin müstəqillik illərində təhsil tarixi hələ formalaşmaq mərhələsindədir. Son 35 ildə bu sahə az işlənib və proses gözümüzün qarşısında baş verir”.

O, bildirib ki, müstəqillik dövründə aparılan islahatlar uğursuz olub və təhsil strategiyaları yarımçıq icra olunub. Dünya təhsilində gedən sürətli inkişaf, rəqəmsallaşma və qloballaşma trendləri isə təhsil sistemimizdə kifayət qədər əks olunmayıb: “Məsələn, hazırda Azərbaycan hələ də distant təhsildən geniş istifadə etməyən azsaylı ölkələrdəndir. Dünyada xüsusilə ali təhsildə distant təhsil XX əsrin sonlarından geniş yayılıb və süni intellektin inkişafı ilə bu sahə tam yeni səviyyəyə çatıb. Bizim təhsil sistemimiz bu inkişaflardan kənarda qalıb. Digər tərəfdən, Boloniya prosesinə qoşulmağımıza 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, heç bir universitet bu prosesi tam tətbiq edə bilməyib. Diplomlarımız hələ də ölkə xaricində tanınmır və universitetlər rəqəmsal yetkinliyə malik deyil. Bunun səbəbləri layihələrin vaxtında hazırlanmaması, investisiya azlığı və mütəxssis-ekspert hazırlığına yetərli diqqət göstərilməməsidir. Nəticədə dünya təhsilindən geridə qalmışıq”.

Onun sözlərinə görə, son 25 ilin təhsil tarixinin yenidən təhlil olunması vacibdir: “Əslində Təhsil Nazirliyi ilə Elmlər Akademiyasının inteqrasiyasından sonra universitetlərdə elmin inkişafı üçün ümid yaranmışdı, lakin bu inteqrasiya hələ özünü doğrultmayıb”.

O bildirir ki, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" birbaşa elm və təhsilə təsir edir, insan kapitalının formalaşmasına xüsusi diqqət yetirir: “Lakin təəssüf ki, təhsil sahəsində 20 il əvvəl müəyyən edilmiş vəzifələr kifayət qədər icra olunmayıb. Neft kapitalını rəqəmsal insan kapitalına çevirmək üçün çətinliklərimiz artıb və bu məsələlər yalnız keyfiyyətli təhsil islahatları ilə həll edilə bilər”.

Ekspert vurğulayır ki, gələcək nəsillər təhsil tariximizi araşdıranda görməlidir ki, nailiyyətlərimiz də olub. Lakin hələlik regionda həm elmdə, həm də təhsildə geridəyik. “Təhsil tarixçiləri və analitikləri XXI əsrin ilk 25 ili ərzində buraxılan səhvləri təhlil etməli və aradan qaldırmalıdır. Xüsusilə kurikulum islahatları, ali təhsil və texnoloji platformalar üzərindən təhsil reallaşdırılması sahəsində problemlər həll edilməlidir. Strategiyanın olmaması təhsildə ziqzaqlar yaradır. Məsələn, son 7–8 ildə ali təhsildə kütləviləşmə və qəbul planlarının artması müşahidə olunur. Lakin ölkədə iqtisadi problemlər yaranması ilə Elm və Təhsil Nazirliyi qəbul planlarını azaltmağı düşünür. Əhalinin hər 100 min nəfərinə düşən ali təhsillinin sayı üzrə regionda hələ geridəyik və qəbul planlarının azalması bu geriliyi bir qədər uzadacaq. Digər tərəfdən, təhsilin rasionallaşdırılması məqsədilə regionlarda ucqar məktəblərin bağlanması aparılır. 1500-ə yaxın məktəbin bağlanılması planlaşdırılıb. Biz isə azkomplektli məktəblərdə distant təhsildən istifadə olunması təklif etmişdik və nazirlik də sentyabrdan region məktəblərində distant təhsilin tətbiq olunacağını açıqlayıb”.

Onun fikrincə, son 25 ilin təhsil tarixi göstərir ki, ölkədə təhsil tədqiqatlarının səviyyəsi kifayət etmir: “Son 10 ildə isə Təhsil İnstitutu elmi fəaliyyətini itirərək sadəcə kurs səviyyəsinə düşüb və bu, təhsilimizin gələcəyi üçün əlavə problem yaradır. Bu vəziyyət təhsil üçün ciddi siqnaldır, mövcud problemlərə aidiyyəti qurumlar kompleks yanaşmalı, gələcəyə yönəlik baxmalı və keçmişdən qopmalıdır. Təhsildə ləngimə digər sahələrdə uğurları kompensasiya edə bilməz. Təhsildə baş verən gerilik bütün sahələrin inkişafına maneçilik törədir”.

Seçilən
48
hafta.az

1Mənbələr