Məlumata görə, müzakirələr Ukraynanın iştirakı olmadan aparılır və məsələ Rusiya–ABŞ təmaslarında əsas mövzulardan birinə çevrilib...
Rusiya və ABŞ Rusiya qoşunlarının nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının birgə idarə olunması imkanını müzakirə edir.
Poliqon xəbər verir ki, bu barədə "Kommersant" qəzetinin müxbiri Andrey Kolesnikov məlumat verib. O, informasiyanın mənbəyini açıqlamayıb, lakin qeyd edib ki, sözügedən mövzu Rusiya prezidenti Vladimir Putinin dekabrın 24-də biznes nümayəndələri ilə keçirdiyi qapalı görüşdə səsləndirilib.
Kolesnikovun sözlərinə görə, Putin həmin görüşdə amerikalı tərəfdaşların Zaporojye AES-lə bağlı konkret təşəbbüslər irəli sürdüyünü bildirib. “Məsələn, amerikalı həmkarlar Zaporojye AES-də mayninq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olduqlarını ifadə ediblər. Elektrik enerjisinin Ukraynaya ötürülməsi məsələsi də ABŞ tərəfinin təşəbbüsü ilə müzakirə olunur”, deyə jurnalist Putindən sitat gətirib.
O əlavə edib ki, Putinin sözlərinə əsasən, ABŞ tərəfi Ukrayna mütəxəssislərinin stansiyada işləməsinin mümkün olub-olmadığını da soruşub. Rusiya prezidenti isə buna cavab olaraq bildirib ki, həmin mütəxəssislər artıq orada işləyirlər və vəziyyət əvvəlki kimidir, sadəcə onların indi Rusiya pasportları var.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatların ilk mərhələsində Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-i nəzarətə götürüb. Stansiya üzərində nəzarət məsələsi Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması çərçivəsində ən həssas və əsas müzakirə mövzularından biri hesab olunur.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bəyan edib ki, ABŞ tərəfi Zaporojye AES-in Ukrayna, Rusiya və ABŞ tərəfindən birgə istismar edilməsində israrlıdır və bu modeldə əsas idarəedici rolun ABŞ-yə verilməsi nəzərdə tutulur. Zelenskinin sözlərinə görə, rəsmi Kiyev isə stansiyanın yalnız Ukrayna və ABŞ tərəfindən idarə olunmasını dəstəkləyir. Bu halda istehsal olunan elektrik enerjisinin 50 faizi Ukraynaya, qalan 50 faizi isə ABŞ-yə verilməlidir.
Poliqon.info