"Ölkəmizin geostrateji direktivləri və xarici siyasətimizin əsas istiqamətlərini ehtiva edən yol xəritəsi hesab olunmalıdır. Əslində Ağdamda səslənən tezisləri İlham Əliyev tərəfindən şəxsən gündəmə gətirilməsi özlüyündə çox ciddi xəbərdarlıqdır. Çünki məhz unutqanlıq, qan yaddaşına məsuliyyətsiz yanaşma yüz il ərzində xalqımızın eyni faciələri təkrar-təkrar yaşamasına gətirib çıxarıb. Bu mənada biz ilk növbədə region tarixinin ən böyük hərbi-siyasi zəfərinin mahiyyətinin gələcək nəsillərə düzgün çatdırılmağına görə məsuliyyət daşıyırıq".
Redaktor.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında bildirdi.
Onun fikrincə, yetişən gənclik bizim tək Ermənistana yox, əslində kimlərə qalib gəldiyimizi bilməlidir:
"Bu yanaşmaya görə heç kim bizi düşmənçiliyi təhrik etməkdə günahlandıra bilməz, çünki bölgədə sülhün də, əməkdaşlıq mühitinin də memarı Azərbaycan prezidentidir. Elə Qarabağa üç gün öncə baş tutmuş səfər çərçivəsində 8 infrastruktur obyektinin açılışı, 2 təməlqoyma mərasimi əslində ölkəmizin müharibə yox, quruculuq-dirçəliş niyyətini ortaya qoyur.
Elə bir tarix konsepsiyası formalaşdırılmalıdır ki, hansısa səhv və xəyanətlər ucbatından faciələrə məruz qaldığımız, hansı şəraitdə kimlər üzərində zəfər qazandığımız, bu prosesdə kimlərin yanımızda, kimlərin isə qarşımızda dayandığını mütəmadi olaraq aşılansın. Bizim çox ləyaqətli tarixçi alimlərimiz var, amma çox təəssüflər olsun ki, bu günə qədərki Azərbaycan tarixçiliyi İlham Əliyevin mütərəqqi konsepsiyası ilə ayaqlaşa bilmir. Bu gün Azərbaycanda saxta tarix yazma ambisiyası böyük problemə çevrilib. Xüsusən müstəqilliyə aparan yolda ayrı-ayrı şəxslərin, təşkilatların rolunun məqsədli şəkildə şişirdilməsi, real suverenlik tariximizin meydan ab-havası üzərindən qurulma cəhdləri məsələni o yerə gətirib çıxarıb ki, dövlət başçımız qan yaddaşı məsələsində təşəbbüsləri şəxsən ələ almalıdır.
Biz 20 Yanvar hadisələrində ən azı sovet qoşun hissələri qədər məsuliyyət daşıyan Qorbaçovun cinayətkar fəaliyyəti, ölkə problemlər içində boğularkən bütün potensialını Heydər Əliyevin xalqla kommunikasiyasını kəsməyə səfərbər edən Mütəllibovun çox cəsarətsiz, hakimiyyət hərisliyi ilə xaos və anarxiya yaradıb işğallara rəvac verən AXCP-Müsavat qruplaşmasını, dəfələrlə dövlət çevrilişləri etmək istəyən "millətçiləri", rəngli inqilabları öz rənginə narıncıya bürünən siyasi klounları, iqtisadi müstəqilliyimizə doğru irəliləyərkən neftin qiymətinin ucuzlaşmasına sevinən Gültəkin kimi siyasi dələduzlar müharibə dövründə milli birliyi pozmaq cəhdləri ilə Azərbaycana məğlubiyyət arzulayan və 90-cı illərin ssenarisi üzrə məhz məğlubiyyət üzərindən iqtidar qurmağa ümid edən Mehdiyev-Kərimli cütlüyü, o cümlədən başqa ölkələrin səfirliklərindən pul və təlimat alıb açıq antimilli mövqe tutan siyasət və media möhtəkirlərini öz adı ilə çağırmağa məhkumuq. İlham Əliyev bu millətə elə bir qələbə bəxş edib ki, biz artıq hər şeyi öz adı ilə çağırmaq gücündəyik. Biz qalib kimi artıq davranmalıyıq", - deyə o yekunlaşdırdı.
Aminə ŞAHSUVARQIZI