AZ

Bu il 11 ali məktəbin akkreditasiyası aparılıb

Bakı, 26 dekabr, AZƏRTAC

Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.

O bildirib ki, qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib. Həmçinin Gəncə Dövlət Universitetində də təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

“Sözügedən müddət ərzində 17 ali təhsil müəssisəsində isə proqram akkreditasiya qiymətləndirilməsi aparılıb. Belə ki, “Məktəbəqədər təhsil” ixtisası üzrə 14 ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Eyni zamanda, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 3 ali təhsil müəssisəsində - Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təkrar proqram akkreditasiya qiymətləndirilməsi aparılıb”, -deyə o bildirib.

Seçilən
62
4
azertag.az

9Mənbələr