AZ

Komitə sədri: Hər bir dövlətin gələcəyini uşaqlar və gənclər müəyyən edir

BAKI, 26 dekabr. TELEQRAF

"Məlum olduğu kimi, hazırda müxtəlif informasiya resurslarından, o cümlədən, sosial şəbəkələrdən istifadə edirik. Bu, günümüzün reallığıdır. Lakin, internetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial inkişafına ziyan vuran bəzi mənfi məqamları da var".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir: "Belə hallar yeniyetmələri təhsildən yayındırır. Onları başqa zərərli vərdişlərə aludə edir. Bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur. Əfsuslar olsun ki, belə hadisələr haqqında mediada məlumatlara rast gəlirik”.

Komitə sədri bildirib ki, buna görə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə zərurət yaranıb: "Təqdim edilən qanun layihəsinə edilən dəyişikliyi müsbət qiymətləndirirəm. Uşaqları qorumaq üçün jarqon, qeyri-əxlaqi ifadələri, narkotik vasitələri, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının qarşısını almaq lazımdır. Eyni zamanda, ictimaiyyət arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir.
Hər bir dövlətin gələcəyini uşaqlar və gənclər müəyyən edir. Onları qorumaq, hüquqlarını müdafiə etmək isə hər bir vətəndaşın ən əsas vəzifələrindən biridir. Hesab edirəm ki, təqdim olunan qanun layihəsi uşaqların təhlükəsizliyinin müdafiəsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, zərərli informasiyaların qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq".

Seçilən
23
1
teleqraf.com

2Mənbələr