AZ

Həmrəylik günü diasporla vətən arasında əlaqələri gücləndirir

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Dünya azərbaycanlılarını ortaq tarix, dil, mədəniyyət və milli maraqlar ətrafında birləşdirərək vahid mənəvi platforma yaradır

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. 1989-cu ilin soyuq, şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə - təxminən 200 il bundan əvvəl bağlanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Tədbirdə 36 xarici ölkədə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən artıq təşkilatın 406 nümayəndəsi və 63 qonaq iştirak edirdi. Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü işlər aparılmışdır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanlıların həmrəyliyi, birliyi yönümündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz səmərəsini verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qüvvəyə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Prezident cənab İham Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Hazırda xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyinin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. 

Cənab Prezident xarici mediada, digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi, birliyi oldu. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya çatdırıblar. Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq! 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında deyib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycançılıq ideologiyasının möhkəmlənməsində mühüm rol oynayıb. QHT rəhbəri qeyd edib ki, bu bayram milli kimliyimizin və azərbaycançılıq ideologiyasının möhkəmlənməsində mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyır: "Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ortaq tarix, dil, mədəniyyət və milli maraqlar ətrafında birləşdirərək vahid mənəvi platforma yaradır. Həmrəylik günü azərbaycançılıq ideyasının yalnız ölkə daxilində deyil, qlobal miqyasda yaşadılmasına və inkişafına xidmət edir. Azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlərə sədaqəti, dövlətçilik düşüncəsini və milli birliyi əsas götürür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu ideologiyanın güclənməsində mühüm rol oynayaraq diasporla vətən arasında əlaqələri daha da möhkəmləndirir, milli şüurun qorunmasına və gələcək nəsillərə ötürülməsinə şərait yaradır. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirakı məhz bu ideoloji birliyin real təzahürüdür. Bu əlamətdar gün, eyni zamanda azərbaycanlıların milli maraqlar ətrafında bir yumruq kimi birləşə bildiyini nümayiş etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi günü azərbaycançılıq ideologiyasının güclənməsinə, milli kimliyimizin qorunmasına və müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir. Fürsətdən istifadə edərək, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik. Dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar hər zaman tariximiz, dilimiz, mədəniyyətimiz və milli dəyərlərimizə sadiq qalaraq həmrəy olsun".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
sherg.az

1Mənbələr