AZ

Deputat: Şəhərsalma idarəetməsində yeni mərhələnin başlanğıcı olacaq

"Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində köklü və sistemli islahatlar həyata keçirilir. Azad edilmiş ərazilərdə qurulan rayon və şəhərlər, müasir baş planlar, vahid memarlıq konsepsiyası bu siyasətin bariz nümunəsidir".

Ölkə.az xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov parlamentdə  çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, məhz bu strateji baxışın davamı olaraq 2026-cı ilin Şəhərsalma və Memarlıq ili elan edilməsi və həmin ildə Azərbaycanda beynəlxalq URBAN Forumun keçirilməsi ölkəmizin bu sahədə regional deyil, qlobal iddia ortaya qoyduğunu göstərir.

"Belə bir mərhələdə bizim əsas vəzifəmiz şəhərsalma siyasətini yalnız ideya səviyyəsində deyil, institusional baxımdan da möhkəmləndirməkdir.
Qanunvericiliyə əsasən tikintiyə icazə verən yeganə səlahiyyətli orqan Dövlət Şəhərsalma və Arxitektura İdarəsidir. Layihələrin təsdiqi, şəhərsalma əsaslandırması, baş planların icrası və son qərar mexanizmi bu qurumun səlahiyyətindədir. Lakin praktikada yerli icra hakimiyyətlərinin rəyləri hələ də prosesə həlledici təsir göstərir və bu layihələrin ələlxüsus regionlarda həyata keçirilməsində müəyyən çətinlik yaradır",- o vurğulayıb.

Deputat hesab edir ki, şəhərsalma siyasətinin institusional tamamlanması üçün  Dövlət Şəhərsalma və Arxitektura İdarəsinin regional idarələri yaradılmalıdır, tikinti və şəhərsalma ilə bağlı hazırda yerli icra hakimiyyətlərində olan rəy və texniki səlahiyyətlər birbaşa bu regional idarələrə verilməlidir.

O əlavə edib ki, bu, regional idarələr Prezidentin müəyyən etdiyi şəhərsalma strategiyasını regionlarda icra edəcək, vahid memarlıq və planlaşdırma standartlarını təmin edəcək, subyektiv və fərqli yerli yanaşmaları aradan qaldıracaq. "Bu həmdə mərkəzi idarənin yükünü azaltmış olacaq
URBAN Forum və Şəhərsalma və Memarlıq ili çərçivəsində Azərbaycan müasir şəhərsalma modelini,  şəffaf icazə mexanizmlərini, güclü institusional idarəetməni dünyaya nümayiş etdirməlidir.
Bunun üçün isə səlahiyyətlərin parçalandığı yox, Prezidentin müəyyən etdiyi strategiyanı vahid mərkəzdən icra edən sistem lazımdır.
Bu addım Azərbaycanın şəhərsalma idarəetməsində yeni mərhələnin başlanğıcı olacaq", - o deyib.

Mürtəza

Seçilən
55
1
olke.az

2Mənbələr