Ölkə üzrə pambıq tarlalarında məhsul yığımı başa çatır. Dekabrın 26-dək ölkə üzrə əkin aparılan 100 468,1 hektar sahədən kondisiya çəkidə 360 047 ton xam pambıq tədarük olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, pambıq üzrə orta məhsuldarlıq 35,84 sentner/ha təşkil edir. Bu, respublikada pambıqçılıqda müstəqillik dövrünün ən yüksək orta məhsuldarlıq göstəricisidir.
Qeyd edək ki, 2025-ci təsərrüfat ilində 16 rayonda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür.