İnsanlar məzar daşlarına şirniyyat, səməni və ya bəzək-düzək qoyursa, o demək deyil ki, bunu onlara din təlqin edir. İnsanların həyatında çox şey var ki, onlar dindən xaricdir. Məzarları ziyarət edib, onları bəzəməklə iş bitmir.
Millətimizin istər toyda, istər yasda, istərsə də sosial həyatda çox adət-ənənələri var. Bunlar daxilində o qədər yanlışlıqlara, israfçılığa yol verirlər ki, bəzən biz onları diqqət mərkəzində saxlamaqdan yayınırıq. Belə adətlərdən biri də qəbir üstünə müxtəlif qidaların aparılmasıdır.
Bəs qəbir üstünə aparılan şirniyyatlar şəriətə uyğundurmu?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, qəbir üstünə bəzi bölgələrdə və ölkələrdə yemək, şirniyyat, meyvə aparıb qoyurlar, belə ənənə İslam dinində yoxdur:
“Bu, İslamdan əvvəlki dinlərdən, əsasən şamanizmdən qalma adətdir. Qəbiristanlıqda yemək yemək, namaz qılmaq, oranı dünya işlərinə vasitə qərar vermək dinimizdə doğru sayılmır. Qəbristanlıq axirət aləminin bu dünyadakı ibrət yeridir. Adi, sadə və standart məzarlar olmalıdır, təmiz saxlanmalıdır vəssalam. Qəbir daşı qoymaq, hasar çəkmək, təmtəraq yaratmaq hələ qəbir üstündə yalvar, günbəz tikmək, qəbir üstünə yemək, meyvə, şirniyyat aparıb düzmək olmaz, bu, böyük günah və küfrdür. Dini təhrif etmək dindən çıxmaq qədər təhlükəlidir. Ancaq bir istisna hal kimi ucqar məzarlıqlarda ziyafətə gedənlər məzar üstünə dən, buğda səpirlər ki, quşlar yesin və sanki alqış etsinlər, bu da ölünün ruhu üçün xoş olsun. Yaxud müəyyən meyvə, şirniyyat qoyurlar ki, yoldan keçən yolçular, miskin adamlar, çobanlar, dərvişlər əgər ehtiyac olsa ondan qidalansınlar, dua etsinlər. Sanki ölü üçün ehsan qismində bunu edirlər. Amma bu da başqa dinlərdən keçmədir. Həmçinin indiki dövrdə buna ehtiyacı olan yoxdur. Və heç kəs də qəbristanlıqdan nəsə götürüb yeməz. Həmin şirniyyatları orada it-pişik, qurd-quş dağıdır məzarlıq çirklənir. Bir sözlə bu adət doğru adət deyil. Bunu əsasən cahil və dindən uzaq, savadsız adamlar edir. Çünki ölüsünün ruhuna oxumaq üçün adicə Fatihə surəsini, heç kəlimeyi şəhadəti belə bilmirlər. Heç ölünün üstündə dua etməyi bacarmırlar. Ancaq daşı dəsmalla silib şəklin üzündən öpüb başlayırlar ağlamağa. Amma İslamda ölü ziyarəti belə olmur”.
İlahiyyatçı deyib ki, ən azı əlini qaldırıb dua edib rəhmət diləmək lazımdır:
“İmkan varsa çıxara su çiləmək kifayət edir. Yoxsa hoqqa çıxarmaq, şirniyyat aparmaq, fəsəli bişirmək kimi xurafatlara lüzum yuxdur. Ölü qalxıb fəsəli, tort yeməyəcək ki… Elə bu dünyada əhlini qırıb məhv edən həmin şirniyyatlardakı saxta yağlar, kimyəvi maddələrdir. Biçarə ölülər bu yerin üstündəki əzabdan canını güclə qurtarır, yerin altında da əl çəkmirlər onlardan. Ümumiyyətlə lazım deyil belə işlər görmək. Cəmiyyətimiz vəhşi tipdə yaşayır. Qəbirləri hasara alırlar. Bu, daş dövrünün mağara təfəkküründən qalmadır. Hərə ölüsünə dağ boyda qara daş qoyur. Sonra da aparıb üstündə məqbərə tikir, yemək, şirniyyat qoyur. Bu böyük günahdır və qəbirdə ölüyə işgəncə verməkdir. Ölünün ruhu bu şeylərdən əzab çəkir. Çünki Peyğəmbərdən hədis var, buyurur ki, ölü ona ağlayanlar susana qədər əzab çəkir. Bu işlər hamısı mövhumat, xurafat və cəhalətdir. Dinimiz də düzgün təbliğ edilmir. İrançı mollalar məscidlərə dolub yalnız siyasi İslamı mənimsəyiblər. Şübhəsiz ki, onlar heç bir dini, mənəvi dəyəri düzgün çatdıra bilməzlər. Dinimizi əhaliyə sağlam şəkildə çatdırmaq, xurafatlardan çəkindirmək üçün irançı olmadıqlarına görə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təcrid edilmiş, baykot edilmiş sağlam, vətənpərvər ilahiyyatçıların təbliğatına, dini dəyərləri normal şəkildə maarifləndirməsinə şərait yaradılmalıdır”, – ilahiyyatçı vurğulayıb.