AZ

Elşad Məmmədov: “Effektiv sosial siyasət əhalinin rifahının yüksəlməsini təmin edir”

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür!

QHT.az xəbər verir ki, İqtisad elmləri doktoru, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günü münasibətilə Nazirliyin kollektivini və Nazirlik yanında İctimai Şuranı təbrik edib. O, həmçinin ölkədə aparılan sosial müdafiə tədbirləri barədə fikirlərini bölüşüb:

"Ümid edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İctimai Şuramız arasında münasibətlər bundan sonra da saǧlam və konstruktiv olacaq! Zənnimcə, ölkədə həyata keçirilən sosial müdafiə tədbirləri barədə müəyyən fikirlərlə bölüşmək iməqsədəuyǧundur!"

Elşad Məmmədov bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq Azərbaycanda vətəndaş rifahının təminatı və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır, bunun üçün ölkəmizdə sosial müdafiə xərcləri də ildən-ilə artırılır:

"2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi reallaşdırılıb. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 mlrd manat, əhatə dairəsi 4 mln. nəfərdir. Bu islahatlar nəticəsində 2018-2025-ci illərdə minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyədək, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı sosial yardımın orta məbləğndə 2,7 dəfə, yaşayış minimumunda  65%, ehtiyac meyarında 2,2 dəfə artım baş verib.

2026-cı il üzrə büdcə qanunları göstərir ki, ölkəmizdə sosial müdafiə xərclərində artım dinamikası gələn il də davam edəcək. Bu da aparılan sosial islahatların davamlı olduğunu, əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsinin dövlətin diqqət mərkəzində dayandığını bir daha təsdiqləyir."

Elşad Məmmədov əlavə edib ki, gələn ilin dövlət büdcəsində sosialyönlü xərclər bu illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manata çatacaq. Bu, son 7 ildə dövlət büdcəsindən sosialyönlü xərclər üçün ayrılan vəsaitin həcminin 2,2 dəfə artdığını göstərir. Sosialyönümlü xərclərin çəkisinin dövlət büdcəsində 41 faiz olması da sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu göstərir.

"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə ödənişlər üzrə gələn ilki xərclərində də ciddi artımı görmək olar: Həmin xərclər 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə təqribən 800  milyon manat çox olmaqla gələn il 8 milyard 196 milyon manata çatacaq. Davamlı xarakter alan bu artım eyni zamanda pensiyalarda da ardıcıl artımı şərtləndirir. 2026-cı ildə də orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunmasını göstərir.

Onu da bildirək ki, gələn il pensiya təminatına 7 mlrd. 993 mln. manat ayrılacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artım deməkdir".

Professor vurğulayıb ki, İşsizlikdən sığorta fondu (İSF) müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də önəmli rola malikdir. Bu fondun xərclərinin cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır:

"Mühüm məqamlardan biri odur ki, gələn il İSF-nin vəsaiti hesabına ümumilikdə 450 minədək şəxsin  aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq. Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur. Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.

Qeyd edilənlər bir daha göstərir ki, ölkəmizdə həm sosial ödənişlərin artırılması davam edir, həm də əhalinin rifahının dayanıqlılığını gücləndirməyə yönəlmiş kompleks məşğulluq tədbirləri getdikcə genişlənir. Yəni, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi ilə yanaşı, məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, o cümlədən özünüməşğulluğun davamlı dəstəklənməsi təmin edilir. Qeyd olunan istqamətlərdə atılan addımlar isə sosial rifahın təminatına xidmət edir. Nəzərə alaq ki, ölkəmizdə həyata keçirilən effektiv sosial siyasət vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə, eyni zamanda iqtisadiyyatımızın inkişafı üçün müsbət impulsun verilməsinə səbəb olur!!!"

Seçilən
41
qht.az

1Mənbələr