Bakı, 26 dekabr, AZƏRTAC
Yaponiyanın Nazirlər Kabineti gələn il üçün 9 trilyon yen (58 milyard dollar) həcmində müdafiə büdcəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin məlumatına görə, bu, Yaponiya üçün rekord göstəricidir. Gələn ilin müdafiə büdcəsi 2025-ci illə müqayisədə 9 faizdən çox artırılıb.
Yaponiya hökuməti pilotsuz uçuş aparatları, yerüstü və sualtı vasitələrə 100 milyard yen, modernizə edilmiş “Type 12” gəmi əleyhinə raketlərin alınmasına isə 177 milyard yen ayırmaq niyyətindədir.
Qeyd edək ki, Yaponiyada müdafiə büdcəsinin artırılması Çinlə gərginlik fonunda baş verib. Ölkənin Baş naziri Sanae Takaiti parlamentdə çıxışı zamanı Çinin Tayvana hücum edəcəyi təqdirdə Tokionun hərbi cavabını istisna etməyib. Bu, çıxışdan sonra iki ölkə arasında münasibətlər gərginləşib. Pekin Yaponiya hökumətindən bu mövqeyi yenidən nəzərdən keçirməsini tələb edib.