AZ

ANAMA: Vətən müharibəsindən sonra 415 nəfər mina və partlamamış hərbi sursatın qurbanı olub...

Vətən müharibəsindən sonra 415 nəfər mina və partlamamış hərbi sursatın qurbanı olub, onların 71 nəfəri baş verən insidentlər nəticəsində həlak olub, 344 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar...

Poliqon xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin iyun ayından noyabr ayına qədər "Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək" layihəsinin nəticələri ilə bağlı tədbirdə deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra 248 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib:

"Nəticədə 236 min 798 ədəd mina və müxtəlif növlü partlayıcı sursatlar aşkar olunaraq mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Onların içərisində 40 mindən çoxu piyada əleyhinə minadır. Bu da insanların aşağı nahiyələrinin amputasiyasi ilə nəticələnən faciələrə gətirib çıxarır. Agentlik bütün hadisələrlə bağlı məlumatları informasiya sistemində toplayır. Bu günə qədər 415 vətəndaş baş verən hadisələrin qurbanı olub. Onların 71 nəfəri baş verən insidentlər nəticəsində həlak olub, 344 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, Vətən müharibəsindən sonra 253 insident baş verib. Amma 1991-ci ildən bu yana 3 min 400 dən çox vətəndaş mina və partlamamış hərbi sursatların işə düşməsi nəticəsində həlak olub və yaxud müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 362 nəfəri azyaşlı və gənclər, 38 nəfəri isə qadındır".

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr