Patent qanununa dəyişiklik edilir: klonlaşdırma “patent obyekti” sayılmayacaq, royalti üzrə minimum pay müəyyənləşir.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən “Patent haqqında” qanununda dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən patent prosedurlarını beynəlxalq qaydalara uyğunlaşdırır, iddia sənədləri və ilkinlik mexanizmini dəqiqləşdirir, həmçinin genetik ehtiyatlar və ənənəvi biliklərlə bağlı yeni tələblər müəyyən edir.
Yeni qanun layihəsinə əsasən patent verilməyən obyektlər genişləndirilir. Belə ki, insanın klonlaşdırılması üsulları və klonu, rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadəsi patent obyekti kimi qəbul edilmir.
Həmçinin ənənəvi biliklərə aid obyektlər (ənənəvi biliklərə əsaslanan ixtira/faydalı model/sənaye nümunələri istisna olmaqla) patent hüquqi mühafizəsindən kənarda saxlanılır.
Layihədə bildirilib ki, ixtira genetik ehtiyatlara əsaslanırsa, iddiaçı mənşə ölkəsi və ya mənbə barədə məlumat verməlidir; genetik ehtiyatlarla əlaqəli ənənəvi biliklər olduqda həmin biliklərin təqdim edildiyi icma və ya mənbə açıqlanmalıdır.
İşçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) xidməti vəzifə və ya yazılı tapşırıqla yaratdığı ixtiraya dair patent hüququ, müqavilədə başqa şərt yoxdursa, işəgötürənə məxsus olur; royaltidən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50%-i müəllifə ödənilməlidir.
Müzakirə edilən qanun layihəsində sənaye nümunələrində yeni məhdudiyyətlər gətirilir. Belə ki, istehlakçını yanılda bilən bədii-konstruktiv həllərə (istehsalçı, mənşə, tara/etiket və s. barədə yanlış təsəvvür yaradan) yalnız müstəsna hüquq sahibinin müraciəti istisna olmaqla mühafizə verilmir; dövlət rəmzləri, beynəlxalq təşkilatların rəmzləri, rəsmi nişanlar, habelə razılıq olmadan başqa dövlətə məxsus mədəni (etnik/dini) irs obyektlərinin ad/təsvirləri sənaye nümunəsi kimi qorunmur.
İxtira və faydalı modellərdə dərc əsasən 18 ay, sənaye nümunələrində 6 ay kimi göstərilir; müəyyən hallarda patentin dərcilə eyni vaxtda iddia sənədinin dərci də mümkündür.