AZ

Qiymətləndiricilər Palatası xarici əməkdaşlığı genişləndirir

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) Qazaxıstanın Qazaxıstan Milli Qiymətləndirmə Palatası və Gürcüstanın Müstəqil Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb. Sənədlər qiymətləndirmə sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsini, elmi-metodoloji bazanın təkmilləşdirilməsini və region ölkələri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsini hədəfləyir.

AQP sədrinin müavini Ayan Qəmbərova “Xalq qəzeti”nə bildirib ki, imzalanmış memorandumlar regionda qiymətləndirmə sahəsində vahid yanaşmanın təşviqinə və qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafına xidmət edəcək: “Bu əməkdaşlıq çərçivəsində tərəflər vahid məlumat bazasının hazırlanması, birgə elmi-metodoloji sənədlərin işlənməsi, təlim-tədris proqramlarının təşkili, sertifikasiya və peşəkar inkişaf mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi istiqamətində birgə təşəbbüslər həyata keçirəcəklər”.

Memorandumların region ölkələrinin iqtisadi və investisiya mühitinə müsbət təsir göstərməklə şəffaflığın artırılmasına və institusional dayanıqlılığın gücləndirilməsinə şərait yaradacağını diqqətə çatdıran sədr müavininin sözlərinə görə, qarşılıqlı təcrübə mübadiləsi, ortaq müzakirələr və birgə layihələr qiymətləndirici mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına, yeni metodoloji yanaşmaların tətbiqinə və sektorun uzunmüddətli inkişafına mühüm töhfələr verəcək.

Palata rəsmisi bunu da bildirib ki, yaxın dövrdə memorandumların icrası məqsədilə birgə işçi qruplarının yaradılması, tematik görüşlərin, regional seminar və konfransların təşkili, eləcə də tərəfdaş qurumlar arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi planlaşdırılır: “Azərbaycan Qiymətləndiricilər Palatası bundan sonra da beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, peşəkar qiymətləndirmə institutlarının inkişafına yönəlmiş yeni təşəbbüslərin reallaşdırılması və sektorun müasir tələblərə uyğun transformasiyası istiqamətində fəaliyyətini davam etdirəcək”. 

XQ

 

Seçilən
16
4
xalqqazeti.az

5Mənbələr