AZ

Fazil Mustafa: “QHT-lər artıq ictimai proseslərin fəal iştirakçısına çevrilib”

2025-ci il qeyri-hökumət təşkilatlarının fəaliyyətində keyfiyyət mərhələsinə keçidin daha aydın hiss olunduğu bir il kimi yadda qaldı. Bu il QHT-lər layihə icraçısı və ya sosial təşəbbüs sahibi kimi özlərini ifadə etməklə yanaşı, həm də ictimai proseslərin fəal iştirakçısı, cəmiyyətin müxtəlif təbəqələri arasında körpü rolunu oynayan institutlar kimi çıxış etdi.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa QHT.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, ilin gedişində sosial müdafiə, şəhid ailələri və qazilərlə iş, gənclərin maarifləndirilməsi, təhsil, ekoloji şüurun formalaşdırılması, mədəni irsin qorunması və ictimai sağlamlıq sahələrində gerçəkləşdirilən layihələr QHT sektorunun cəmiyyətin real ehtiyaclarına cavab vermək bacarığını nümayiş etdirdi. Özəlliklə bölgələrdə həyata keçirilən təşəbbüslər və yerli icmalarla qurulan birbaşa təmas QHT-lərin ölkə miqyasında fəaliyyət göstərən strukturlar kimi formalaşdığını göstərdi:

"2025-ci ildə QHT-lərin rolunu dəyərləndirərkən, onların ictimai dialoqun formalaşmasında tutduğu mövqeyi özəlliklə vurğulamaq lazımdır. Dövlət qurumları ilə işbirliyi, açıq müzakirələrdə ekspertlik, vətəndaş mövqeyi, qanunvericilik təşəbbüslərinə ictimai rəyin ötürülməsi kimi istiqamətlərdə QHT-lərin fəallığı artdı. Bu da göstərir ki, vətəndaş cəmiyyəti institutları həm də təklif verən, mövqe bildirən və məsuliyyət daşıyan tərəf kimi çıxış edir. Eyni zamanda, informasiya mühitində baş verən sürətli dəyişikliklər fonunda QHT-lərin maarifçi missiyası daha da aktuallaşdı. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının təşviqi, milli-mənəvi dəyərlərin və multikultural mühitin qorunması yönündə aparılan fəaliyyətlər QHT sektorunun ictimai sabitliyə və sağlam informasiya mühitinə verdiyi töhfəni aydın şəkildə ortaya qoydu".

Fazil Mustafa bildirib ki, 2025-ci il, həmçinin QHT-lər üçün daxili institusional möhkəmlənmə baxımından önəmli il oldu. Şəffaflıq, hesabatlılıq, layihə idarəçiliyi və peşəkar kadr potensialının gücləndirilməsi yönündə atılan addımlar sektorun uzunmüddətli dayanıqlığını təmin edən vacib amillərdir. Bu proses QHT-lərin dövlət və cəmiyyət qarşısında güvənini daha da artırdı:

"Ümumilikdə demək olar ki, 2025-ci ildə QHT-lər ölkənin ictimai həyatında yardımçı rol çərçivəsini aşaraq, vətəndaş məsuliyyəti, sosial həmrəylik və ictimai güvənin formalaşmasında önəmli aktor kimi çıxış etdi. Bu inkişaf tendensiyasının davam etməsi üçün QHT-lərin təşəbbüskarlığının dəstəklənməsi, dövlət–QHT əməkdaşlığının institusional əsaslarda gücləndirilməsi və ictimai fəallığın stimullaşdırılması önəm daşımaqdadır".

Seçilən
56
4
qht.az

5Mənbələr