AZ

Parlament “Patent haqqında” Qanuna təklif olunan dəyişiklikləri birinci oxunuşda təsdiqləyib

Bakı, 26 dekabr, AZƏRTAC

Milli Məclis “Patent haqqında” Qanuna təklif olunan dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 26-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.

Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur. Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.

Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş bu Qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə) ödənilir, digər hissəsi isə ixtira, faydalı model və ya sənaye nümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələri arasında bölüşdürülür, habelə innovativ fəaliyyətin inkişafına yönəldilir.

İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçün alınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdə müəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqında müqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə bilər. Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa, bu halda işəgötürən hüquqların verilməsindən imtina edə bilər.

Qanuna, həmçinin aşağıdakı məzmunda hissələr əlavə edilir:

-İddia olunan ixtira genetik ehtiyatlara əsaslanarsa, iddiaçı genetik ehtiyatların mənşə ölkəsi haqqında məlumatı təqdim etməli, əgər bu məlumat iddiaçıya məlum deyilsə, genetik ehtiyatların mənbəyini açıqlamalıdır;

-İddia sənədində iddia edilmiş ixtira genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərə əsaslanarsa, iddiaçı hansının münasib olmasından asılı olaraq, genetik ehtiyatlarla əlaqəli olan ənənəvi bilikləri təqdim etmiş yerli xalqlar və ya yerli tayfa haqqında məlumatı və ya genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərin mənbəyini açıqlamalıdır (təqdim edilmiş məlumatın doğruluğuna görə iddiaçı məsuliyyət daşıyır).

Seçilən
30
1
azertag.az

2Mənbələr