AZ

Zəngəzur dəhlizindən Rusiyaya pay?

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqa səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 

O, görüşdə Putindən Ermənistanla Azərbaycanı əlaqələndirən dəmir yolu xətlərini bərpa etməyi xahiş edib. Əslində, onun bu addımı düşünülmüş həmlə idi. Belə ki, 2008-ci ilin fevral ayında İrəvanla Moskva arasında imzalanan müqaviləyə əsasən Ermənistanın dəmir yolları 30 il müddətinə Rusiyanın nəzarətinə verilib. 

Rusiya bu müqaviləyə əsasən, dəmir yolunun Ermənistandan keçən hissəsinə özü nəzarət etmək istəyir. Hərçənd ki, Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, Zəngəzur dəhlizi açılmalı idi, ancaq Kreml buna yanaşmadı. Nəticədə, Bakı ilə İrəvan ABŞ-ni seçdi. Bundan başqa, rəsmi Moskva sözügedən dəmir yolunun Avrasiya İqtisadi İttifaqı ərazisindən keçməsini istəyir. 

Ermənistan həmin ittifaqın üzvü olduğuna görə ittifaq ərazisində fərqli gömrük qaydaları tətbiq olunacağı deyilir. Paşinyan isə Rusiyanın Zəngəzur dəhlizinə siyasi yox, kommersiya maraqları baxımından gəlməsini istəyir. Paşinyan kameralar qarşısında Putindən Rusiyanın nəzarətində olan dəmir yolunu bərpa etməsini istədi. Rusiya lideri isə bu təklifə cavab vermədi. 

Görünən odur ki, Kreml həmin yolu bərpa etmək istəmir. Konkret olaraq, Rusiya əzəli rəqibi ABŞ üçün Zəngəzur dəhlizini açmaqdan imtina edir.

Politoloq Qulamhüseyn Əlibəyli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, əslində, həmin dəmir yolu xətti Azərbaycana məxsus olub: 

“Faktiki olaraq Azərbaycanın mülkiyyətidir. Ona görə də bu dəmir yolu xəttini Azərbaycan bərpa edib, yenidən mülkiyyətinə götürə bilər. Lakin son dövrlərdə Ermənistanla Rusiya arasındakı münasibətlər çox gərginləşib. Nikol Paşinyan hələ də birmənalı şəkildə Rusiyadan imtina etmək istəmir. Düzdür, onun siyasətində Moskvadan imtina hərəkətləri var, amma bütövlükdə bunu görmürük. Bu səbəbdən də rəsmi İrəvan Zəngəzur dəhlizinə Rusiyanın da qoşulması prosesi üzərində işləyir”. 

Ekspert qeyd edib ki, Kreml də öz növbəsində Zəngəzur dəhlizindən yararlanmağa çalışır: 

“Onun bir növü də həmin dəmiryol xəttinin bərpa olunması ilə bağlı olan məsələdir. ABŞ bununla bağlı kifayət qədər vəsait ayırıb. Görünür, Ermənistanın Baş naziri Rusiyanı da bu işə qoşmaq niyyətindədir. 

Gələcəkdə Kreml də Zəngəzur dəhlizinin imkanlarından yararlanmağı hesablayır. Nəzərə almaq lazımdır ki, ABŞ-nin indiki siyasəti Rusiyanın əməkdaşlıq mövqeyi tutur. Xüsusilə Ukrayna məsələsində daha çox Rusiyanın əməkdaşlıq edir. Lakin Zəngəzur dəhlizinə də kimin nəzarət etməsi problemli məsələ olaraq qalır”. 

Politoloqun sözlərinə görə, rəsmi Vaşinqton özü dəhlizin idarə olunmasında və nəzarətdə iştirak etmək istəyir: 

“Bu səbəbdən də Rusiyanın orada olması ABŞ-yə xoş gəlməyəcək. Lakin Donald Trampın mövqeyi tez-tez dəyişir. İndiki halda Rusiyanın da iştirakını məqbul hesab edə bilər. Çünki bu, gələcəkdə Ukrayna məsələsinin həllində Moskvaya təsir etmək üçün vasitəyə çevrilə bilər. Tramp və Putin arasındakı yaxın münasibətə əsasən bunu demək olar. 

Ancaq dəhlizə nəzarət mexanizminin Rusiyanın əlinə verilməsi mümkün deyil. Azərbaycan və Ermənistan da buna razı olmaz. Amma oradan müəyyən pay ayrılması tamamilə mümkün məsələdir. Rusiya dəmir yolun bərpasının təklif olunması da müəyyən pay ayrılmasına gətirib çıxarar. 

ABŞ Zəngəzur dəhlizinin tezliklə açılmasına maraqlıdır. Azərbaycan dəhlizlə bağlı əsas işləri yerinə yetirib. Sadəcə Ermənistanın hissəsindən keçən dəmiryol xəttinin bərpa olunması qalıb. O da qısa zamanda öz həllini tapacaq”. 

Seçilən
58
cebheinfo.az

1Mənbələr