Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bayır şəhər mədəniyyət məkanının dağıdılması ilə təkcə tarixi evlər yoxa çıxmır, həm də şəhərin mədəni həyatının mərkəzinə çevrilmiş binalar da dağıdılır.
Kult.az xəbər verir ki, bu barədə memar Abdul Hüseynov özünün Feysbuk səhifəsində paylaşıb.
“Məsələn, "Dome Baku". Bayırşəhər ərazisində, Mirzə Fətəli Axundzadə küçəsi 79/81 ünvanında yerləşən 19-cu əsrə aid hamamın evlərlə birlikdə sökülməsi planlaşdırılır. Sakinlərdən dəfələrlə evlərini satmaq və bu tarixi məkanı tərk etmək istənilib. Sadəcə bunu etmədikləri üçün ev və qədim hamam hələ də qalmaqdadır. Bu unikal tarixi irsin dağıdılmasına icazə verilməməlidir!”, - memar bildirib.
“Bayır Şəhəri Qoruyaq” təşəbbüs qrupunun mətbuat xidmətinin rəhbəri Nuran Əhmədzadə saytımıza açıqlamasında adıçəkilən ərazinin əvvəl tarixi abidə statusu olub:
“Bayır şəhərdə onlarla abidənin tarixi statusu olub. İndi xahiş edirik ki, nəzər yetirilsin, yenidən siyahıya salınsın. Bizə deyirlər ki, bura tarixi abidə deyil. Nəyə görə deyil? Buranın yaşı çoxdur və tarixi abidə sadəcə yaşına görə qiymətləndirilmir axı. Onun əhəmiyyətinə görə də qiymətləndirilməlidir.
Sökülməyəcəksə, sakinlərə niyə təzyiq edirlər ki evdən çıxsınlar?! Sakinlər çıxsa, dəqiq bilirik ki, oranı sökəcəklər”, - o vurğulayıb.
Məsələ ilə bağlı danışan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli də bildirib ki, həmin hamam nə tarixi abidə kimi, nə də yeni aşkar edilmiş abidə qismində qeydiyyatda deyil.
Mövzuyla bağlı Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və Söküntü Komissiyası ilə əlaqə saxlasaq da məsələyə heç bir aydınlıq gətirilməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.