Artıq başa çatmaqda olan 2025-ci il ölkəmiz üçün daha bir uğurlu il kimi yadda qalacaq. Bu gün Azərbaycan dünyada böyük nüfuz sahibi olan, qlobal proseslərə təsir imkanları artan, regionda yeni reallıqlar yaradan dövlətə çevrilib. Regionda sülh strategiyasının müəllifi olan ölkəmiz qlobal miqyasda fəal diplomatiya həyata keçirərək Xəzər-Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyin təminatçısına çevrilib. Dövlətimiz işğaldan azad olunmuş ərazilərdə dünyaya nümunə olan genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə QHT.az-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, digər sahələr kimi qeyri-hökumət təşkilatları (QHT) sektoru, vətəndaş cəmiyyəti institutları da ili uğurla başa vururlar. 2025-ci il vətəndaş cəmiyyəti sektoru üçün zəngin il oldu. Bu il Bakıda Qlobal Cənub QHT Platformasının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələ oldu. Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüsün 116 ölkədən QHT tərəfindən dəstək qazanması ciddi uğurdur. Təkcə bu fakt ölkəmizin nə qədər güclü və nüfuzlu olmasının, vətəndaş cəmiyyəti sektorunun fəallığının təsdiqidir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsini də xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində qeyd etmişdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər:
"İl ərzində istər yerli, istərsə də beynəlxalq miqyasda keçirilən tədbirlər ölkəmizin QHT sektorunun fəaliyyətinin artıq lokal çərçivədən kənara çıxdığının göstəricisidir. Bu uğurda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni dövrə uyğun fəaliyyətinin də mühüm rolu var.
QHT-lər 2025-ci ildə ölkənin ictimai həyatında kifayət qədər fəal rol oynadılar. Müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələr QHT sektorunun böyük potensiala sahib olduğunu, cəmiyyətin inkişafına, ölkə həqiqətlərinin beynəlxalq miqyasda təbliğinə böyük töhfə verdiyini ortaya qoydu. Vətəndaş cəmiyyəti institutu olaraq QHT sektoru bu gün cəmiyyət həyatının ən fəal üzvlərindən birinə çevrilməyi bacarıb".