AZ

Həmin örtüklərin dəyişdirilməsi ilə bağlı təcili addımlar atılmalıdır” Qüdrət Həsənquliyev

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.

Millət vəkili bilirib:

“Hörmətli sədr, mən burada arayışla tanış oldum. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunur ki, bu, kanserogen məhsul kimi təsnifatlandırıla bilər. Tərkibində asbest olan materiallar o cümlədən ağciyər xəstəlikləri riskini də artırır. Azərbaycanda isə buna tələbat olduqca böyükdür və arayışda da göstərilir ki, bu məhsullar ölkəyə böyük miqdarda idxal olunur.

Hörmətli sədr, biz tütün məmulatları ilə bağlı da qanun qəbul edəndə bir məsələyə aydınlıq gəlmədi. Əlbəttə, gərək icra hakimiyyəti orqanı bu tipli qanun layihələrini göndərəndə, o cümlədən millət vəkillərinə məlumat verməlidir ki, söhbət nə qədər sahibkardan gedir və nə qədər sahibkarlar bundan ziyan görə bilər. Tütün məmulatlarında hesab edirəm ki, biz sahibkarlar üçün çox da narahat olmamalıyıq. Mərhum Prezident Əlbülfəz Elçibəyin bir sözü vardı. Deyirdi ki, “pis insandan xeyir görən, Tanrısından ziyan görər”. Yəni hamı bilir ki, elektron siqaretlər insan üçün ziyanlıdır. Bunu bilə-bilə onlar onu gətirib satıb, bu yolla pul qazanırlarsa, dövlətin onların qayğısına qalması o dərəcədə də başadüşülən olmazdı.

Amma bu asbest məhsullar istehsal edənlər Azərbaycanda varsa, o zaman onlar ola bilsin ki, bunun ziyanlı olduğunu bilməyiblər. Bu baxımdan onların profilinin dəyişməsi üçün dövlət onlara yardım etməlidir. Hansısa vergi güzəştləri nəzərədə tutulmalıdır”.

Qüdrət Həsənquliyev həmçinin əlavə edib:

“Məni narahat edən ikinci məsələ odur ki, qanunun 2027-ci ilin iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutlur. Təqribən 1 il 6 aydan sonra bu qanun qüvvəyə minəcək. Nurlan müəllim (Nurlan Həsənli) bunu aydınlaşdırsın, burada mən sadəcə olaraq hökumətin məntiqini başa düşə bilmirəm. Bilə-bilə ki, bu kanserogen tərkibli maddədir, xərçəng xəstəliyi, ağciyər xəstəliyi yaradır, deməli buna rəğmən biz kimlərisə bu məhsulları satmaları üçün himayə etmiş oluruq. Əhalinin ümumiyyətlə dam örtüyü fondunun 29 faizi bu tipli məhsullarla təmin olunub. Əslində, dövlətin borcudur ki, əgər bu mülki dövriyyədən çıxarılırsa, dərhal yığışdırılmalıdır.

Yəni qanunun fəlsəfəsi bunu tələb edir. Belə olduğu halda dövlət həm də xüsusilə rayon yerlərində yoxsul insanlara kömək etməlidir. Bələdiyyələrdən, yerli icra hakimiyyəti orqanlarından arayış almaq olar ki, kimin ehtiyacı varsa, onlara dövlət hətta kömək də edə bilər. Həmin örtüklərin dəyişdirilməsi ilə bağlı dövlət təcili addımlar atmalıdır. Bilə-bilə ki, bu, insanlar üçün xəstəlik yaradır, hələ biz 1 il 6 ay da vaxt veririk ki, onlar bunun satışını ölkəmizdə təşkil etsinlər. Ona görə də hörmətli sədr, xahiş edirəm ki, ikinci oxunuşa qədər bu barədə millət vəkillərinə geniş məlumat verilsin, bu, geniş rezonans doğuran, ictimaiyyəti maraqlandıran bir məsələdir. Yəni əlavə manipulyasiyalara da yer olmasın”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
icma.az

2Mənbələr